Aydın Süleymanlı: “Valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”
25.06.2026 - 10:29
Aydın Süleymanlı: “Valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”

Honkonqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatında iştirak edən “Odlar Yurdu” komandasının şahmatçısı Aydın Süleymanlı Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, beynəlxalq qrossmeyster komandanın çıxışı barədə bunları deyib:

“Reytinqə görə yarışda 16-cı komanda olmağımıza baxmayaraq pis təsir bağışlamadıq. Həm rapid, həm də blitsdə gözləniləndən daha yaxşı çıxış etdik. Rapid yarışında güclü heyətə malik “WR Chess” komandasına qalib gəldik. Blitsdə qrupdan çıxdıq, amma Özbəkistanla mübarizədə bəxt tərəfimizdə olmadı. İkinci oyunda 2,5-3,5 hesabıyla uduzduq, halbuki qələbə qazana bilərdik. Ümumilikdə nəticəni qənaətbəxş hesab edirəm”.

Azərbaycan millisinin üzvü FIDE reytinqində birinci yerin sahibi Maqnus Karlsenlə oyunu heç vaxt unutmayacağını bildirib:

“Turnirdən əvvəl kapitanımız Rauf Məmmədovla danışanda birinci lövhədə oynamaq istəyimi söylədim. Çünki dünya çempionu Maqnus Karlsenə qarşı mübarizə aparmaq istəyirdim. Fikrimcə hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın. Mən arzuma çatdım, hətta qalib də gəldim. Maqnus çox böyük şahmatçıdır, ona qalib gəlmək bəzi insanlar üçün imkansızdı. Əvvəllər mən də mümkünsüz kimi düşünürdüm, lakin qələbə qazanmağı bacardım. Bu anı və oyunu heç vaxt unutmayacam. 
Maqnus şahmat tarixinin ən güclü təmsilçisidir. 90% insanlar bu fikirdədir. Karlsenə qarşı istənilən oyunda mübarizə aparmaq çox çətindi. Rapid oyununda vaxt azaldıqca şanslar tükənir. Ona görə bu qələbə özümə daha çox inanmağa kömək etdi. Maqnusla oyundan sonra digər rəqiblərə başqa fikirlə yanaşıram. Növbəti oyunlarda şanslarımı daha çox dəyərləndirirəm”.

Aydın Süleymanlı sonda hamıya minnətdarlığını bildirib:

“Mənə dəstək olan, xoş sözlər yazan hər kəsə təşəkkür etmək istəyirəm. Hər yarışdan öncə ailə üzvlərimə birinci olacağımı söyləyirəm. Çünki onlar ilk gündən məni dəstəkləyir və uğuruma inanır. Fikrimcə valideynlərim də Maqnusa qalib gələcəyimi gözləmirdi”.

Qeyd edək ki, Aydın Süleymanlı 2-5 iyul tarixlərində Amerika Birləşmiş Ştatlarında keçiriləcək rapid və blits turnirində iştirak edəcək.