
Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilən “Lankaran Open” festivalının bağlanış mərasimi olub.
Apasport.az xəbər verir ki, mərasimdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının müavini Emin Quliyev və Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirak ediblər.
A qrupunda 9 turda 7 xal toplayan Xaqan Əhməd bütün rəqiblərini qabaqlayaraq “Lankaran Open” yarışının qalibi olub. Hərəyə 6,5 xal toplayan Vitaliy Bernardskiy və təmsilçimiz Rüstəm Rüstəmov, müvafiq olaraq, 2-3-cü yerləri bölüşdürüblər.
B qrupunda Əlisəfa Zeynallı 8 xalla birinci yeri tutub. Ələkbər Zeynallı və Pərviz Məmmədli turniri ikinci və üçüncü pillələrdə başa vurub.
“Lankaran Open” festivalı çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində Rüstəm Rüstəmov, blits mübarizəsində isə Xaqan Əhməd qalib olublar.
Qeyd edək ki, "Lankaran Open" turnirində 4 ölkə təmsil olunub. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edib. "Chess Tour Azerbaijan" layihəsinə aid növbəti yarış Qubada təşkil olunacaq.