İndi də qadın yığmamız Ermənistana getməlidir
05.02.2010 - 13:39
İndi də qadın yığmamız Ermənistana getməlidir
Azərbaycanın qadın basketbolçulardan ibarət milli komandasını Ermənistanda yarış gözləyir. Apasport.az saytının məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsinin C divizionunda iştirak etmək üçün düşmən ölkəyə səfər etməlidir.

C divizionunda ümumilikdə 8 kollektiv mübarizə aparacaq. Püşkün nəticəsinə əsasən, basketbolçularımız B qrupunda Malta, Şotlandiya və Uelslə üz-üzə gələcəklər. A qrupunda isə Ermənistan, Andorra, Cəbəllütariq və Moldova komandaları yer alıb. Oyunlar bu il 28 iyun - 3 iyul aralığında keçiriləcək. Fərqli qruplara düşmələrinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında matç təşkil edilə bilər. Belə ki, qrup mərhələsindən sonra iştirakçılar çarpaz sistemlə bir-birlərinə rəqib olacaqlar. Yəni, A qrupunun 1-cisi B qrupunun 2-cisini, A qrupunun 2-cisi B qrupunun 1-cisini, A qrupunun 3-cüsü B qrupunun 4-cüsünü, A qrupunun 4-cüsü isə B qrupunun 3-cüsünü sınağa çəkəcək.

Lakin xanım basketbolçularımızın İrəvana yollanıb-yollanmayacaqları hələlik bilinmir. Bu məsələ ilə bağlı Gənclər və İdman Nazirliyi yaxın günlərdə qərar verəcək.

Qeyd edək ki, indiyədək ölkəmiz Ermənistanda keçirilən yalnız gənc cüdoçuların Avropa çempionatında təmsil olunub. Müxtəlif növlər üzrə milli komandalarımız bədnam qonşularımızın keçirdiyi digər yarışlardan isə imtina ediblər. Ən son yunan-Roma güləşi yığmamız fevralın 13-14-də İrəvanda baş tutacaq Dünya Kubokuna qatılmağa razılaşmayıb.
0