Bakıda yeni idman kompleksi açılır
07.04.2010 - 11:38
Bakıda yeni idman kompleksi açılır
Voleybolçu qadınlar arasında Şamil Şamxalovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin mükafatçılarının adları “Lokomotiv” VK-nın İdman Kompleksinin açılışı günü müəyyənləşəcək. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin 9-da start götürəcək yarışın ilk 3 günü federasiyanın idman zalında təşkil ediləcək. Üçüncü yer uğrunda oyun isə aprelin 12-də Biləcəridə yeni idman kompleksində olacaq. Bu görüşdən sonra “Lokomotiv” VK-nın İdman Kompleksinin rəsmi açılış mərasimi keçiriləcək.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmi qonaqların iştirak edəcəyi gözlənilir.
Açılış mərasimindən sonra burada iştirak edən rəsmi qonaqlar final görüşünü də izləyəcəklər.

Xatırladaq ki, turnirdə “Azərreyl”, “Rabitə”, “İqtisadçı” və “Lokomotiv” klubları ilə bərabər, Bolqarıstan və İsrail yığmalarının iştirakı gözlənilsə də, ikincilər Azərbaycana gəlməkdən imtina ediblər.
0