“Şübhəsiz ki, Natalya Məmmədova güclü hücumçudur”
09.04.2010 - 14:49
“Şübhəsiz ki, Natalya Məmmədova güclü hücumçudur”
Rusiyanın “Dinamo” klubunun direktoru Ruslan Olixver Azərbaycan yığmasının üzvü Natalya Məmmədovanı güclü voleybolçu sayır. Apasport.az saytının məlumatına görə, Moskva təmsilçisinin rəsmisi arxada qalan mövsümü dəyərləndirərkən, milliləşən voleybolçumuzun da çıxışlarına toxunub.

Rusiya çempionatının ən yaxşı bombardiri olan Natalya ilə komanda yoldaşı, bu göstəricidə ikinci olan Makarovanın digərlərini aşkar üstələməsindən razı qalan Olixver bunun müqabilində 6-cı olmağı uğursuzluq sayır: “Voleybolçuların fərdi göstəriciləri heç də həmişə bütün komandanın oyununu əks etdirmir. Məmmədova ilə Makarova şübhəsiz ki, çox güclü hücumçulardır. Lakin voleybol təkcə hücumdan ibarət deyil. Blok, topu oyuna daxil etmə, topun qəbulu kimi vacib elementlər də var. Oyunun da nəticəsi bütün bunların sintezi ilə mütənasib olur”.

Qeyd edək ki, 1989-2002-ci illərdə SSRİ və Rusiya yığmalarında oynamış Olixver 3 olimpiadanın iştirakçısı olub. Avropa çempionu, Dünya kubokunun ikiqat qalibi olan veteran voleybolçu dünya çempionatı və olimpiya oyunlarının gümüş mükafatçısı da olub. Olixver 2006-cı ildən bu ilin əvvəlinədək Rusiya yığmasının baş meneceri olub.
0