Azərbaycan yığması 2 legionerlə güclənəcək
26.04.2010 - 12:24
Azərbaycan yığması 2 legionerlə güclənəcək
Türkiyə Basketbol Federasiyasının dəvəti ilə İstanbulda bir həftəlik təlim-məşq toplanışında olan Azərbaycan milli komandası vətənə qayıdıb. Bu barədə apasport.az saytına açıqlama verən yığmamızın baş məşqçisi Elxan Əliyev bildirib ki, qardaş ölkədə hazırlıq yüksək səviyyədə keçib.

“Türkiyədə keçirilən təlim-məşq toplanışı komandanın növbəti oyunlarında inamlı çıxışına böyük fayda verəcək. Biz orada hazırlıqla bərabər 4 yoxlama görüşündə də qüvvəmizi sınadıq. Bu oyunların 3-də məğlub olduq, 1-də qələbə qazandıq. Qeyd edim ki, qarşılaşdığımız universitet komandaları olsalar da, onlar peşəkarlardan qurulmuşdu. I və II liqa komandaları ilə yoldaşlıq matçları keçirməkdə məqsədimiz yığmada olan səhvləri görmək və gələcəkdə bunun üzərində ciddi hazırlaşmaqdır” – deyə, baş məşqçi bildirib.

Heyətdə olan zəif mövqeləri legioner hesabına gücləndirməyi planlaşdıran Əliyev Türkiyədə, həmçinin komandaya təklif olunan basketbolçuların da oyununu izləyib: “Türkiyədə olarkən menecerlərin milliyə təklif etdikləri 1 neçə əcnəbinin çıxışını da izlədik. Sonda 4 legionerin oyunu bizi razı saldı. Əslən amerikalı olan bu basketbolçulardan biri Türkiyə çempionatında, digərləri Polşa, Yunanıstan və İsraildə çıxış edirlər. 10-15 gün ərzində onların menecerləri sənədləri toplayaraq federasiyaya göndərəcəklər. Bundan sonra biz onlardan 2-sini milli komandaya cəlb edəcəyik”.

Qeyd edək ki, Avropa çempionatına ciddi hazırlaşan komandamız aprelin 25-də Bakıya qayıtsa da, bu gün yenidən hazırlıqlara start verib.
0