Milli komandamız Gürcüstan yığmasını məğlub edib
03.05.2010 - 11:48
Milli komandamız Gürcüstan yığmasını məğlub edib
Aprelin 28-də Gürcüstana təlim-məşq toplanışına yollanan kişi voleybolçulardan ibarət Azərbaycan yığması bu gün vətənə qayıdıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatı çərçivəsində Böyük Britaniya ilə oyuna hazırlaşan komandamız səfərdə iki yoldaşlıq matçında da qüvvəsini sınayıb. Meydan sahibləri ilə keçirilən qarşılaşmalarda millimiz qələbə qazanıb. Birinci oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn komandamız ikinci görüşdə həlledici setdə sevinib.

Milli komandanın rəisi Nazim Allahverdiyev voleybolçularımızın təlim-məşq toplanışından razı qalıb: “Voleybolçular Gürcüstanda özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Ev sahibləri ilə oyunda da komanda pis təsir bağışlamadı. Lakin Rusiya çempionatında çıxış edən Aleksey Çervyakov düşərgəmizə yeni gəldiyindən, bir az problem yaransa da, bu müvəqqətidir. O iki məşqdən sonra oyuna çıxdı. Hücumun qurulmasında əsas fiqur olan “Krasnoyarsk” klubunun üzvü Böyük Britaniya ilə matça kimi komandaya tam uyğunlaşacaq”.

Qeyd edək ki, Gürcüstanda keçirilən təlim-məşq toplanışında Ukrayna millisinin iştirakı da gözlənilirdi. Lakin onlar qeyri-müəyyən səbəbdən Gürcüstana gəlməyiblər.
0