“Azərbaycana transferim Çempionlar Liqasında oynamaq istəyimdən irəli gəldi”
14.05.2010 - 15:00
“Azərbaycana transferim Çempionlar Liqasında oynamaq istəyimdən irəli gəldi”
“Azərbaycanın ən güclü klubu olan “Rabitə”ni seçməyim Çempionlar Liqasında oynamaq istəyimdən irəli gəldi. Bu turnirdə Avropanın ən güclü komandaları və ya dünyanın ən yaxşı voleybolçuları mübarizə aparırlar. Təcrübəli voleybolçuların oynadığı turnir həm də, daha güclü oynamaq üçün əsl meydandır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” klubunun yeni transferi Natalya Kulikova deyib.

24 yaşında dünya çempionu olan rusiyalı voleybolçu bildirib ki, paytaxt klubu növbəti mövsümdə güclü olacaq və yüksək yerlər uğrunda mübarizə aparacaq: “Rabitə” çox güclü komanda qurur və rəhbərliyin iddialı planı mənim Azərbaycana klubuna keçidimdə mühüm rol oynadı. Bakı klubunun hədəfi böyükdür. Yeni komandamdan fərqli, Çempionlar Liqasının debütantı deyiləm. Ötən mövsüm “Universitet Belqorod”in heyətində qitənin ən güclü yarışında iştirak etmişəm. Buradakı oyunlar mənim yaddaşımdan heç vaxt silinməyəcək. Püşkə əsasən, İtaliya “Foppapedretti”si və Fransa “Kann”ının yer aldığı güclü qrupa düşdük. Yekunda italiyalılar Çempionlar Liqasının qalibi, fransızlar isə üçüncü oldu. Biz “Foppapedretti” ilə ilk matçda həlledici hissədə məğlub olsaq da, cavab görüşündə onlara 3:1 hesabı ilə qalib gəldik. Bununla da Rusiya klublarının Apennin təmsilçilərinə 7 illik məğlubiyyət seriyasına son qoyduq”.
0