Yığmamızı Olimpiadaya aparan yol
18.05.2010 - 15:11
Yığmamızı Olimpiadaya aparan yol
Beynəlxalq Voleybol Federasiyası (FİVB) London Olimpiadasına lisenziya qazanma qaydalarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Pekin-2008-də olduğu kimi, İngiltərədə də 12 qadın və 12 kişi komandası mübarizə aparacaq.

Beynəlxalq qurumun qərarına görə, Olimpiadada iştirak etmək istəyən yığma 2011-ci ildə dünya çempionatına ciddi hazırlaşmalıdır. Çünki burada ilk 3 yeri tutacaq komandalar üçün “Dumanlı Albiona” bilet sifariş ediləcək. Daha sonra hər qitənin çempionu Londonda iştirak hüququna yiyələnəcək (5 komanda). Bu yarışlar 2011-ci ilin dekabrından start götürəcək və 2012-ci ilin yanvarına kimi davam edəcək.

Dünya və qitə çempionatlarında uğur qazana bilməyənlər isə ümidlərini 3 Olimpiya lisenziyalı turnirə bağlamalıdırlar (3 komanda).

Qeyd edək ki, İngiltərə yığması Olimpiya Oyunlarında həm kişilərin, həm də qadınların yarışında ev sahibləri kimi iştirak edəcəklər.
0