Azərbaycan çempionu “Qalatasaray”dan transfer etdi
19.05.2010 - 09:22
Azərbaycan çempionu “Qalatasaray”dan transfer etdi
“Rabitə” voleybol klubu daha bir transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, son Azərbaycan çempionu Avropanın məşhur voleybolçularından olan serbiyalı Nataşa Krsmanoviçlə 1 illik müqavilə imzalayıb.

1985-ci ildə anadan olan, 188 sm boya malik Krsmanoviç peşəkar karyerasına “Yedinstvo”da başlayıb. 2001-2004-cü ildə bu klubun şərəfini qoruyan voleybolçu 2004-2008-ci illərdə İsveçrənin “Volero” komandasında çıxış edib. “Rabitə” klubunun yeni transferi son 2 ilini Türkiyə “Qalatasaray”ında keçirib. 2006-cı ildə dünya çempionatının bürünc, 1 il sonra Avropa çempionatının gümüş medalını qazanıb.

Bundan əlavə, “Yedinstvo”nun heyətində Azərbaycana gəlib və “Top-komandalar” kubokunun “Dördlər finalı”nda “Azərreyl”ə qarşı çıxış edib. Lakin həlledici mərhələdə Faiq Qarayevin yetirmələrinə məğlub olan Krsmanoviç komandası ilə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Üçqat İsveçrə və ikiqat Serbiya çempionudur. Ötən il isə Universiadada bürünc medala sahib olub.

Qeyd edək ki, “Rabitə” klubu Krsmanoviçdən əvvəl Boyana Doganjiç, Silviya Papoviç, Sanya Staroviç, Mira Qoluboviç (hamısı Serbiya), İrina Jukova (Ukrayna), Natalya Kulikova (Rusiya), Mirela Deliç (Xorvatiya), Olqa Toçko (Latviya) və Diana Nenova (Bolqarıstan) ilə də müqavilə imzalayıb.
0