“Azərbaycan yığması 10 il bu qələbənin həsrətində idi” - MÜSAHİBƏ
10.08.2010 - 10:54
“Azərbaycan yığması 10 il bu qələbənin həsrətində idi” - MÜSAHİBƏ
Basketbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyevin apasport.az saytına müsahibəsi

- Milli komanda Avropa çempionatına qələbə ilə başladı. Albaniya ilə səfərdə keçirdiyiniz oyunda bu nəticəni gözləyirdinizmi?
- İlk oyun olduğu üçün çətin keçəcəyini bilirdim. Çünki yığmamız yeni formalaşır və heyətə yeni basketbolçular cəlb edilib. Ancaq buna baxmayaraq, səfərdə oyunumuz gözəl alındı və 81:63 hesabı ilə inamlı qələbə qazandıq. Azərbaycan yığması 10 il bu qələbənin həsrətində idi. Avropa çempionatında uzun fasilədən sonra qalib gəldiyimiz oyunun ilk dəqiqələrində həyəcanlı olsaq da, sonradan ev sahibləri gücümüzü gördülər. Çalışacağıq ki, uğurumuzu növbəti qarşılaşmalarda da davam etdirək və azarkeşlərimizə sevinc bəxş edək.

- Legionerlər komandaya bir qədər gec qoşuldular. Bu, oyunda özünü büruzə verdimi?
- Onların düşərgəmizə gec gəlməsi, təbii ki, öz təsirini göstərdi. Amma etiraf etmək lazımdır ki, Çarlz Devis və Spenser Nelsonun Azərbaycan yığmasına cəlb edilməsi, Aleksandr Rındin və Rasim Başakın yenidən düşərgəmizə gəlməsi oyunumuzu çox dəyişib. Artıq onların sayəsində komandamız həm baxımlı, həm də güclü oyun nümayiş etdirir. İnanıram ki, bu basketbolumuzun inkişafına da təkan verəcək.

- Amma Albaniya ilə oyunda Spenser Nelsonu meydana buraxmadınız. Bu nə ilə bağlıdır?
- FİBA-nın qaydalarına əsasən, meydana 1 legioner buraxa bilərik. Biz də bunun üçün Çarlz Devisə şans verdik. O da özünü yaxşı tərəfdən göstərdi və komandamıza 23 xal qazandırdı. Lakin heyətə 2 legioner cəlb etməyimiz zədəyə hesablanmış addımdır. Çünki onlardan biri xoşagəlməz halla üzləşdikdə, onu digəri əvəz etsin.

- Komanda qələbə qazansa belə, oyununu bəyənmədiyiniz basketbolçu oldumu?
- Heyətdə yer alan oyunçular hamısı fərqli oynadılar. Demək olar ki, onlardan razı qaldım. Lakin Çarlz Devis və Aleksandr Rındinin oyununu yaxşı mənada fərqləndirə bilərəm. Tahir Baxşıyev də pis təsir bağışlamadı. Digər basketbolçularımızın əsgərlikdən gəlmələri və bəzilərinin digər sahələrdə işlədiyini nəzərə alsaq, onların hamısını yalnız təbrik edə bilərəm.

- Avqustun 14-də Avropa çempionatının seçmə mərhələsində Belarusla mübarizə aparacaqsınız. Bu görüşdə də komandamız uğurlu seriyanı davam etdirə biləcəkmi?
- Rəqibin son oyunlarını görməmişəm. Onların yalnız Gürcüstandakı yoxlama görüşlərinə baxmışam. Ancaq məlumatım var ki, Belarus milli komandasının da heyəti yeni qurulub. Yığmanın baş məşqçisi dəyişib. Bu onların gücləndiyinin göstəricisi olsa da, oyuna qələbə üçün çıxacağıq. Bu tək mənim istəyim deyil. İlk matçda qazanılan qələbə bütün komandada bu istəyi formalaşdırıb.

- Onda belə nəticə çıxarmaq olar ki, yığmamızın uğurları Azərbaycan çempionatının yenidən güclənməsi ilə nəticələnəcək...
- Yox, bu barədə heç nə deyə bilmərəm. Çünki klublarımızda vəziyyət çox pisdir. Onların heyətində heç bir basketbolçu yetişmir. Bundan əlavə, əvəzedici heyətləri, bazaları və pulları yoxdur. Bir sözlə, yalnız adları var. Onların zəif olması isə birbaşa yığmaya təsir göstərir. Məsələn, voleybol klublarımıza nəzər saldıqda onların hamısının baş məşqçisi və heyətində legionerlərin olduğunu görürük. Basketbolda isə belə deyil. Klublarımıza sponsorluq etmək istəyən yoxdur. Əgər onlara kömək olsa, idmanın bu növü populyarlaşar və komandalarımız, yığmalarımız qələbələrini sıralayarlar.

Tahir HÜMMƏTOV
0