Elxan Əliyev: Biz bütün oyunlara qələbə üçün çıxırıq
18.08.2010 - 10:11
Elxan Əliyev: Biz bütün oyunlara qələbə üçün çıxırıq
“Biz Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışıq. Bunun nəticəsində gözəl oyun nümayiş etdiririk və qələbə qazanırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri kişilərdən ibarət Azərbaycan basketbol yığmasının baş məşqçisi Elxan Əliyev deyib.

Avropa çempionatının B divizionunda 10 il sonra qələbə qazanan milli komandamız uğurlu seriyanı davam etdirir. Qrupda yer alan rəqiblərini ardıcıl üçüncü dəfə məğlub edən basketbolçularımız ilk dövrəni vahid lider kimi başa vurmaq şansı qazanıb. Hər oyunda fərqli taktika seçən Əliyev rumınlar üzərində qələbəni rəqibin aparıcı basketbolçularını düzgün bağlamalarında görür: “Biz bütün oyunlara qələbə üçün çıxırıq. Bunun üçün tez-tez taktiki gedişlər edirik. Üçüncü qələbəmizdə də düzgün taktika köməyimizə çatdı. Rumınların əsas oyunçuları Aurelian Dumitresku və Vlad Moldovyanunun hücumlarının qarşısını almağı tapşırmışdım. Yetirmələrim də tapşırığın öhdəsindən layiqincə gəldilər və gözəl hücumlar qurdular. Onların hamısını qələbə münasibəti ilə təbrik edirəm”.

Qeyd edək ki, Rumıniya və Azərbaycan yığmalarının oyununda Dumitresku 17, Moldovyanu isə 23 xal qazanıb.
0