Tahir Baxşiyev: İsveçlə oyunda ilk məğlubiyyətlə üzləşə bilərik
19.08.2010 - 11:57
Tahir Baxşiyev: İsveçlə oyunda ilk məğlubiyyətlə üzləşə bilərik
“Avropa çempionatının görüşləri başlayanda oyunlarımızın belə uğurlu alınacağını gözləmirdik. Çünki bizdən fərqli, digər rəqiblərimiz hər mövsüm analoji yarışda iştirak edirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan yığmasının kapitanı Tahir Baxşiyev deyib.

O bildirib ki, ilk 3 oyunda - Albaniya, Belarus və Rumıniya üzərində qələbə qazanılsa da, bu milli komandamız üçün asan başa gəlməyib: “Yığmamız yeni formalaşıb. Çarlz Devis və Rasim Başakın millimizə cəlb edilməsi komandamızı çox gücləndirib. Amma seçmə mərhələnin oyunlarında qələbə heç də asan başa gəlmir. Albanlarla oyun istisna olmaqla, digər 2 qarşılaşma bizim üçün çox çətin keçib. Qrupumuzda Belarusla İsveçi fərqləndirmək istəyərdim. Onlardan belarusluları məğlub etsək də, digəri ilə növbəti turda qarşılaşacağıq”.

Baxşiyevin fikrincə, skandinaviyalılar Rumıniya millisinə uduzsalar da, bu təsadüfi olub. Avqustun 21-də Bakıda isveçlilərlə oyundan ehtiyatlı danışan Baxşiyev heç də asan qələbə qazanacaqlarını düşünmür: “Oyundan öncə qələbə qazanacağımızı deyə bilmərəm. Düzdür, meydana qalib gəlmək üçün çıxacağıq. Amma nəzərə almaq lazımdır ki, rəqib çox güclüdür. Qarşılaşmada ilk məğlubiyyətlə üzləşə də bilərik. İsveçlilər turnir cədvəlində bizdən geri qalırlar. Bu isə onların zəif olmasından xəbər vermir. Paytaxtda rəqiblə görüş çox çətin keçəcək. Uğurlu oyunlar seriyamızı davam etdirərək, ilk dövrəni lider kimi başa vurmaq istəyirik”.

Qeyd edək ki, qrup lideri olan Azərbaycan yığması isveçliləri 1 xal qabaqlayır.
0