“Mən yenə sözümün üstündə dururam”
12.10.2010 - 14:14
“Mən yenə sözümün üstündə dururam”
Bakının “İqtisadçı” voleybol klubunun baş məşqçisi Rəşad Yazıçıoğullarının apasport.az saytına müsahibəsi

- Komanda rəhbərliyiniz altında Türkiyədə ilk görüşlərini keçirdi. Lakin “Errea Cup” sizin üçün uğurlu alınmadı...
- Düzdür, Türkiyədə təlim-məşq toplanışında olarkən bir neçə yoxlama görüşü keçirdik. Təəssüf ki, qatıldığımız ilk beynəlxalq turnirdə uğurlu çıxış edə bilmədik. Hər 2 oyunu məğlubiyyətlə başa vurduq. Lakin digər yoldaşlıq oyunlarında bunun əvəzini çıxaraq, qələbə qazanmağı bacardıq. Artıq voleybolçular bir-birinə uyğunlaşırlar. Hazırlıq yüksək səviyyədə keçdi və İnşallah, gücümüzü Avropa görəcək.

- Oktyabrın 16-da və 17-də sizi çətin sınaq gözləyir. “İqtisadçı” “Çelenc Cup”ın ilkin təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Kula” komandasını mübarizədən kənarlaşdıra biləcəkmi?
- Komandada hamı üzərinə düşən məsuliyyəti dərk edir. Son məşqlərimizi edirik. Oyuna hazırıq və yalnız qələbə üçün mübarizə aparacağıq. İnanıram ki, Bosniya və Herseqovina təmsilçisini yarışdan kənarlaşdıracağıq.

- Bir neçə voleybolçunuz milli komandasının heyətində dünya çempionatına hazırlaşır. Bu amil mərhələ keçməyinizdə problem yaratmayacaq ki?
- İnanmıram ki, ilk mərhələlərdə bunun bizim üçün ziyanı olsun. Hazırda komandamızda güclü voleybolçular var. Onlarla mərhələ adlaya biləcəyik.

- Bəs son anda amerikalı Krista Matiçlə müqavilə bağlamağınız nədən irəli gəlir?
- Top paylayıcıya ehtiyac duyduğumuz üçün onu Bakıya dəvət etmişik. Çünki Türkiyədə keçirilən yoldaşlıq matçlarında bu mövqedə zəiflik hiss etdik. İstəmədik ki, rəsmi oyunlarda axsayıb, çətinliklə üzləşək. Bunun üçün son anda belə bir transferi reallaşdırdıq. Matiç 3 gündür ki düşərgəmizdədir. Amma hələ komandaya uyğunlaşmayıb. Böyük ehtimala ilk oyunlarda əsas heyətdə meydana çıxacaq. Öz mövqeyində bacarıqlıdır. Müqavilə qısamüddətli olsa da, onun “İqtisadçı” üçün faydalı olacağına ümid edirik.

- İlk rəqibiniz haqqında hansısa məlumat toplaya bilmisinizmi?
- Türkiyədə olarkən bu məsələ ilə ciddi məşğul oldum. Dostlarımla birgə rəqibi araşdırmışıq. Heyətlərində güclü voleybolçuların yer almadığını deyə bilərəm. Oyun üslubuna görə də zəif təsir bağışlayırlar.

- Bir müddət əvvəl apasport.az saytına müsahibənizdə “Çelenc Cup” kubokunu Azərbaycana gətirəcəyinizi və “İqtisadçı”nın ən pis halda, “Dördlər finalı”na yüksələcəyini demişdiniz. Hədəfləriniz dəyişməyib ki?
- Mən sözümün üstündə dururam. Heyətimiz güclüdür. Bu səbəbdən uğurla irəliləyəcəyik. İnanıram ki, “İqtisadçı” bu il Avropaya səs salacaq. Bizdən əlavə, bu yarışda mübarizə aparan “Azərreyl” və “Lokomotiv” də kifayət qədər iddialıdır və onlar da sonacan mübarizə aparacaqlar. Bunun üçün “Çelenc Cup” kubokunu 3 klubdan biri Azərbaycana gətirəcək. Buna arxayın ola bilərsiniz.

- Sizi “Errea Cup”da məğlub edən “Rabitə” isə ölkəmizin idman şərəfini Çempionlar Liqasında qoruyacaq. Bu komanda ilə bağlı nə deyə bilərsiniz?
- Onların heyəti super ulduzlardan təşkil olunub. Dünya çempionatından sonra yığmalarda olan voleybolçularının qayıdışı ilə komanda daha da güclənəcək. Onları qarşıda çətin sınaq gözləyir. Amma “Rabitə”nin bu heyətlə Çempionlar Liqasında qələbələri sıralayacağını öncədən də deyə bilərəm. Bir sözlə, hazırda Azərbaycan komandaları çox ciddi rəqibdirlər.

- Bəs Azərbaycan çempionatında hansı komandanı qalib görürsünüz?
- Həqiqətən də Azərbaycan çempionatı gərgin və maraqlı keçəcək. Yekunda hazırlıq da mühüm rol oynayacaq. Bunun üçün hər 2 cəbhədə mübarizə aparmağa hazır olmalısan. Fikrimcə, ən azından 4 klub çempionluq uğrunda yarışacaq. Biz də qızıl medal qazanmaq arzusundayıq və bunun nə dərəcədə öhdəsindən gələcəyimizi gələcək göstərəcək.

- Artıq müəyyən müddətdir Azərbaycandasınız. Ölkəmiz barədə nə deyə bilərsiniz?
- Bura mənim öz ölkəmdir. Azərbaycana doğma Vətənim kimi baxıram. Bakıda heç bir problemim yoxdur. İnsanları çox qonaqpərvər və mehribandır. Hamıdan razıyam.

Tahir HÜMMƏTOV
0