Doğma divarlar arasında imtahan
15.10.2010 - 16:03
Doğma divarlar arasında imtahan
Oktyabrın 16-da və 17-də Bakı voleybol üzrə “Çelenc Cup” turnirinin 5 oyununa ev sahibliyi edəcək. Apasport.az saytının məlumatına görə, yarışa 4 komanda ilə qatılan Azərbaycan klublarından üçü bu tarixlərdə azarkeşlərimiz qarşısında ilk imtahanlarını verəcəklər.

Doğma divarlar arasında ilk sınağına kişilərdən ibarət “Azərnetf” çıxacaq. Serbiyanın “Partizan” komandası ilə baş tutacaq oyunun Azərbaycan çempionu üçün çətin keçəcəyini proqnozlaşdırmaq olar. Lakin serblərin hər 2 görüşü Bakıda keçirmək istəyi onların heç də heyətlərinin super voleybolçulardan təşkil olunduğundan və maddi vəziyyətlərinin yaxşı olmasından xəbər vermir.

Əlavə xərcə düşməmək üçün evdə oyundan imtina edən “Partizan” Bakıya gəlmək üçün də sifariş ərizəsinə də cəmi 9 nəfərin adını daxil edib. Bunu onunla da izah etmək olar ki, hər 2 komanda növbəti mərhələyə yüksələcəyi halda, burada da mübarizəni dayandıracaqlar. Çünki onları II təsnifat mərhələsində daha güclü olan Rusiyanın “Fakel” klubu gözləyir.

Şənbə günü bu matçdan sonra meydan qadın voleybolçuların ixtiyarına veriləcək. Ötən il analoji yarışda ilk mərhələdə Türkiyənin “Qalatasaray” komandasına hər 2 qarşılaşmada uduzan “İqtisadçı” bu dəfə mübarizəyə yeni baş məşqçi və yeni heyətlə başlayacaq. Kifayət qədər güclü olan paytaxt klubu Bosniya və Herseqovina “Kula”sı ilə görüşün fovariti hesab olunur. Hər 2 görüşün Bakıda keçirilməsi də Rəşad Yazıçıoğullarının yetirmələrinin xeyrinədir. Onlar da “Azərneft” kimi ilk matçdan 1 gün sonra cavab görüşünə çıxacaqlar.

Bazar günü isə “Azərneft” – “Partizan”, “İqtisadçı” – “Kula” görüşlərinin ardından həmişə uğurlarına sevindiyimiz “Azərreyl” oyuna çıxacaq. Maltanın PAOLA Hibs komandası ilə ilk görüşdə növbəti mərhələyə çıxmaq üçün gözəl şans qazanan Vüqar Əliyevin yetirmələrindən Bakıda yalnız gözəl və baxımlı oyun gözləməyə dəyər. Çünki səfərdə 3 hissədə rəqibinə cəmi 23 xal (25:6, 25:6, 25:10) verən “dəmiryolçular” bu dəfə də rəqibə çətin anlar yaşadacaqlar.

“Çelenc Cup”da digər təmsilçimiz “Lokomotiv” isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

Çelenc Cup
I təsnifat mərhələsi

İlk oyunlar
16 oktyabr


Kişilər
13:30. Azərneft – Partizan

Hakimlər: Zdenko Fatrdla (Slovakiya), Serdar Nisançıoğlu (Türkiyə).

Qadınlar
16:00. Kula – İqtisadçı

Hakimlər: Nadejda Kozlova (Rusiya), Nurper Özbar (Türkiyə).

17 oktyabr
Cavab oyunları


Kişilər
13:30. Partizan - Azərneft

Hakimlər: Serdar Nisançıoğlu (Türkiyə), Zdenko Fatrdla (Slovakiya).

Qadınlar
16:00. İqtisadçı – Kula

Hakimlər: Nurper Özbar (Türkiyə), Nadejda Kozlova (Rusiya).

17:30. Azərreyl – PAOLA Hibs
Hakimlər: Yan Krtiska (Çexiya), Kirill Nesterenko (Rusiya).

Qeyd edək ki, bütün görüşlər “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.
0