“İqtisadçı”dan voleybol dərsi
16.10.2010 - 16:46
“İqtisadçı”dan voleybol dərsi
Bu gün qadınlardan ibarət “İqtisadçı” voleybol klubu yerli publika önündə mövsümün ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, heyətini gücləndirən “universitet komandasının” ilk oyunu “Çelenc Cup”ın I təsnifat mərhələsinə təsadüf edib.

Türkiyə yığmasının sabiq baş məşqçisi Rəşad Yazıçıoğoullarının rəhbərliyi altında “Sərhədçi” Olimpiya Mərkəzində Bosniya və Herseqovina “Kula”sını qəbul edən paytaxt klubu debütdəcə rəqibi Bakıya gəlməsinə peşman edib. Günün ilk görüşündə kişilərdən ibarət “Azərneft” və “Partizan” oyunundan fərqli, arenanı dolduran azarkeşlərin alqışları altında “İqtisadçı” qonaqlara “quru hesabla” qalib gəlib.

İlk hissədə 25:16 hesabı ilə qələbə qazanan voleybolçularımız növbəti setdə 25:19 hesabına seviniblər. Üçüncü hissənin ilk dəqiqələri isə gərgin mübarizəyə səhnə olub. Məğlubiyyətlə barışmaq istəməyən “Kula” Rəşad Yazıçıoğullarının yetirmələrinə ciddi müqavimət göstərib - 5:3. Lakin sonda təcrübə öz sözünü deyib. Güclü voleybolçulardan qurulan paytaxt klubu “Kula”nın hesabda önə keçməsini həzm edə bilməyib və sonda 25:8 hesabı ilə qalib gələrək oyunun nəticəsini müəyyənləşdirib 3:0.

Çelenc Cup
I təsnifat mərhələsi

İlk oyunlar
16 oktyabr
Qadınlar
16:00. Kula – İqtisadçı – 0:3 (16:25, 19:25, 8:25)
Hakimlər: Nadejda Kozlova (Rusiya), Nurper Özbar (Türkiyə).

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü sabah saat 16:00-da başlayacaq.
0