“İnşallah, üçü də alınsa, əla olar”
17.10.2010 - 23:03
“İnşallah, üçü də alınsa, əla olar”
“Qarşılaşma çox tez başa çatdı. Voleybolçularımı təbrik edirəm. Yaxşı oynadılar. Səfərdə də 3:0 hesabı ilə qələbə qazanmışdıq və yenə də eyni uğuru təkrarladıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Maltanın PAOLA Hibs komandasını mübarizədən kənarlaşdıran “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.

Ölkəmizin ən titullu komandasının yeni çalışdırıcısı “Çelenc Cup” turnirində ən pis halda finalda oynamağı planlaşdırır: “Mərhələ adladıqca, rəqiblər güclənir. Növbəti görüşdə kifayət qədər çətin rəqiblə oynayacağıq. Amma heç bir klubdan çəkinmirik. Çünki əsas məqsədimiz final oynamaqdır”.

Əliyev bildirib ki, tək beynəlxalq arenalarda deyil, Azərbaycan Super Liqasında və kubokunda da I yer üçün oynayacaqlar: “Hazırda əsas diqqət “Çelenc Cup” yarışlarına yönəlib. Lakin biz tək bununla kifayətlənməyəcəyik. Bilirik ki, 4 komanda qızıl medallara iddialıdır. Amma “Azərreyl”də bu mübarizədə sonacan davam edəcək. Azərbaycan çempionatı və kubokunda da azarkeşlərimizi sevindirmək istəyirik. İnşallah, üçü də alınsa, əla olar”.
0