Riikka Lehtonen: Azərbaycanda çox güclü klublar yaranıb - EKSKLÜZİV
18.10.2010 - 14:00
Riikka Lehtonen: Azərbaycanda çox güclü klublar yaranıb - EKSKLÜZİV
“Çelenc Cup” turnirinin ilkin təsnifat mərhələsində “İqtisadçı” Bosniya və Herseqovinanın “Kula” komandasını hər 2 görüşdə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazandı. Bu qələbə və növbəti oyunlar barədə komandanın aparıcı voleybolçusu, Finlandiya yığmasının kapitanı Riikka Lehtonen apasport.az saytına eksklüziv müsahibə verib.

- Komandanız mövsümün debüt oyununda inamlı qələbə ilə “Kula”nı mübarizədən kənarlaşdırdı. Heyətini yeni quran “İqtisadçı” hər 2 qarşılaşmada 3:0 hesablı qələbə gözləyirdimi?
- Bu, mövsümdə birinci sınağımız idi. İlk görüşdə “quru hesabla” qələbə qazansaq da, ikinci oyunda arxayın ola bilməzdik. Bunun üçün cavab qarşılaşmasına da həlledici matç kimi çıxmışdıq. Çünki hamı bizdən gözəl oyun və qələbə gözləyirdi. Bu isə komandanın məsuliyyətini daha da artırmışdı. Oyunda hadisələrin necə cərəyan edəcəyini proqnozlaşdırmaq da çətin idi. Kubokun başlanğıcı həmişə həyəcanlı olur. Biz cütün fovariti olduğumuz üçün bir qədər özümüzü itirmişdik. Amma bunlara baxmayaraq, mərhələni uğurla keçdik. Artıq qarşılaşmada bir-birimizi başa düşürük və komanda kimi oynamağa başladıq.

- Siz Fransanın “Kann” klubu ilə 2 dəfə Çempionlar Liqasının və Türkiyənin “Vakıfbank Günəş” komandası ilə “Çelenc Cup” yarışlarının qızıl medalına sahib olmusuz. Təcrübəli voleybolçu kimi, yeni yaradılan “İqtisadçı”nı necə qiymətləndirirsiniz?
- Düzdür, heyətimiz yeni qurulub. Lakin hesab edirəm ki, “İqtisadçı” komplektləşmiş bir komandadır. Biz bir yerdə çox güclüyük. İnanıram ki, oyundan-oyuna daha güclü oynayacağıq və bir-birimizi gözəl başa düşəcəyik. Məşqçimiz də təcrübəlidir. Bunun da bizə böyük köməyi olacaq. Yəni, klub “Çelenc Cup”da medallar uğrunda mübarizə aparmağa tam hazırdır.

- Bakıya gəlməzdən öncə yığmamıza qarşı Finlandiya milli komandasının heyətində bir neçə dəfə iştirak etmisiniz. Bəs Azərbaycan çempionatı və klubları barədə hansısa bilginiz var idimi?
- Azərbaycanı yalnız milli komanda kimi tanıyırdım. Bilirəm ki, yığmanız Avropa və dünya çempionatının final mərhələlərində oynayıb. Bundan əlavə, qitə miqyaslı yarışlarda da pis çıxış etmirlər. Bunun nəticəsi olaraq, bir neçə voleybolçunuz legioner həyatı da yaşayıb. Yelena Şabovta və bir neçəsini yaxından tanıyıram. Amma çempionatınız barəsində məlumatsız olsam da, indi tam məlumatım var. Azərbaycanda çox güclü klublar yaranıb. Əksəriyyətinin heyətini güclü və tanınmış legioner voleybolçular təşkil edir. İnanıram ki, mövsüm maraqlı və gərgin keçəcək. Yəqin ki, bu da ölkə voleybolunun səviyyəsinin artmasına kömək edəcək.

- Bəs “İqtisadçı”nın bu mövsüm əsas hədəfi nə olacaq? “Çelenc Cup”la yanaşı, ölkə çempionatında və kubokunda mübarizə çətin olmayacaq ki?
- Biz bir komandayıq və hamımız “İqtisadçı”da uğurları üçün əziyyət çəkəcəyik. Heyətimizin güclü olması və komplektləşməsi mövsümü uğurla başa vuracağımıza gözəl zəmin yaradıb. Bu səbəb ili qələbələrlə keçirmək üçün vacib amillərdən biridir. Bundan əlavə, hamımızda ilk pillələri tutmaq üçün inamın da olması vacibdir. Mən isə buna inanıram və komanda yoldaşlarımda da bu amili hiss edirəm. Arzularımızı reallaşdırmaq üçün arxayınlaşmamalıyıq, daha çox çalışmalıyıq. Bundan sonra nəticə və bütün cəbhələrdə mübarizə aparmaq heç də çətin deyil. Bir sözlə, bütün görüşlərə qələbə üçün çıxacağıq.

Tahir HÜMMƏTOV
0