“Uraloçka” “Rabitə”dən, “Lokomotiv” “Qalatasaray”dan üstün oldu
03.11.2010 - 21:08
“Uraloçka” “Rabitə”dən, “Lokomotiv” “Qalatasaray”dan üstün oldu
Bakıda qadın voleybolçular arasında keçirilən beynəlxalq turnirdə II tura start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında “Azərreyl” növbəti imtahanını verib.

Türkiyə “Qalatasaray”ı üzərində inamlı qələbə qazanan Vüqar Əliyevin yetirmələri bu dəfə Çempionlar Liqasının iştirakçısı “Zareçye-Odintsovo” ilə üz-üzə gəliblər və “Azərreyl” ikinci oyununu da qələbə ilə başa vurub. “Çelenc Cup”da ölkəmizi təmsil edən komanda “Zareçye-Odintsovo”ya da məğlubiyyət acısı daddırıb. Belə ki, birinci hissənin ilk dəqiqələri kəşfiyyat xarakteri daşısa da, sonradan komandalar açıq oyuna üstünlük veriblər. Hissənin sonunacan ruslar irəlidə olublar. Lakin hesab 20:24 olarkən “Azərreyl” öz oyununu tapıb və əzmkar qələbə qazanıb – 27:25.
İkinci setdə isə oyuna nəzarət təmsilçilərimizin tərəfinə keçib. Gözəl oyun nümayiş etdirən voleybolçularımız 25:17 hesabı ilə rəqiblərinə qalib gəliblər.
Növbəti hissədə “Zareçye-Odintsovo” qarşılaşmanın axarını dəyişmək istəsə də, cəhdi baş tutmayıb. Nəticədə 1 tur öncə “quru hesabla” qələbə qazanan “dəmiryolçular” bu dəfə də eyni uğuru təkrarlayıblar.

Günün II qarşılaşmasında Azərbaycan çempionu “Rabitə” Rusiyanın “Uraloçka” komandası ilə görüşüb. İlk turda şimal qonşularımızın “Zareçye-Odintsovo” klubuna qalib gələn voleybolçularımız bu matçdan məğlub ayrılıblar – 2:3.

II tura “Qalatasaray” - “Lokomotiv” görüşü ilə yekun vurulub. İlk sınağında uduzan komandamız bu dəfə asan qələbə qazanıb.


II tur

“Azərreyl” - “Zareçye-Odintsovo” - 3:0 (27:25, 25:17, 26:24)
“Rabitə” - “Uraloçka” - 2:3 (28:30; 25:23, 25:16, 19:25, 16:18)
“Qalatasaray” - “Lokomotiv” - 0:3 (20:25, 16:25, 11:25)

0