“İndi bütün Avropada Azərbaycandan danışırlar”
03.11.2010 - 12:15
“İndi bütün Avropada Azərbaycandan danışırlar”
Qadın voleybolçular arasında Bakıda start götürən beynəlxalq turnirin ilk turunda Azərbaycan komandalarından “Lokomotiv” istisna olmaqla, “Azərreyl” və “Rabitə” qələbə qazandı. “Azərreyl”in ölkəmizdə də kifayət qədər azarkeşi olan “Qalatasaray”ı məğlub etməsi təəccüblə qarşılansa da, rəqibini aparıcı voleybolçusu Özləm Özçelik oyundan sonra apasport.az saytına müsahibəsində zəif olduqlarını düşünür. Avropa çempionatının ikincisi, Çempionlar Liqasının gümüş və bürünc mükafatçısı, Türkiyə Super Liqasının 11 qat qalibi və Rusiya çempionatının birincisi olan 37 yaşlı voleybolçu Azərbaycanda oynamaq istəyi və Bakıda keçirilən beynəlxalq turnir barədə də danışıb.

- Təcrübəli voleybolçu kimi bu turnirin səviyyəsini necə qiymətləndirirsiniz?
- Biz türk komandası kimi, Azərbaycana gəlməkdən həmişə qürur duyuruq. Qardaş ölkəni çox sevirik. Bakıda keçirilən turnirə gəlincə, çox möhtəşəm bir yarışdır. Burada güclü komandalar yer alıb. Belə matçların hər kluba böyük faydası var. Onların hər biri bütün voleybolçularını sınaqdan keçirmək imkanı qazanırlar.

- Sizi həmişə start heyətində görməyə vərdiş etmişik. Amma bu dəfə qarşılaşmanı ehtiyat oyunçular arasından izlədiniz...
- Bu turnir baş məşqçimiz üçün də bir sınaqdır. Türkiyə Super Liqası başlamadığından çalışdırıcımız digər voleybolçuları yoxlamaq və nəyə qadir olduqları ilə tanış olmaq üçün onlara əsas heyətdə şans verir. Mənim isə necə oynadığımı artıq hər kəs bilir. Bunun üçün gəncləri sınamaq daha əhəmiyyətlidir. Amma qarşıda oyunlar hələ çoxdur. Yoldaşlıq görüşləri olduğu üçün hər kəs meydana çıxacaq.

- Bəs ilk oyun barədə nə deyə bilərsiniz? “Azərreyl” sizə çox asanlıqla qalib gəldi...
- Biz “Azərreyl”lə görüşü yaxşı keçirmədik. Bir sözlə, istədiyimiz kimi oynaya bilmədik. Çox pis təsir bağışladıq. Bura yorğun gəlməyimiz də rol oynadı. Lakin bu yorğunluğun növbəti görüşlərdə arxada qalacağına və bundan sonra gözəl oynayacağımıza inanıram.

- Türkiyə millisinin sabiq kapitanları son zamanlar Azərbaycana üz tuturlar. Onlardan Nisə Quliyeva son mövsümdə “Azərreyl”ə gəldi və karyerasını burada bitirdi. Ardınca bu il Natalya Hanıkoğlu da eyni komandanı seçdi. Siz necə, Azərbaycandan təklif alsanız, bunu dəyərləndirərsinizmi?
- Azərbaycanda oynamaqdan böyük zövq duyaram. Təbii ki, təklif gələrsə, mütləq dəyərləndirərəm. Azərbaycanı çox sevirəm. Bu səbəbdən ölkənizdə oynayaramsa, böyük qürur duyaram.

- Bu istəyiniz gələcəkdə baş verə bilərmi?
- Ola bilər. Hazırda nəsə deməyəcəyəm.

- Yəqin Azərbaycan komandaları haqqında məlumatlısınız. Hazırda dünyanın aparıcı voleybolçuları ölkəmizdə çıxış edirlər. Bu, Azərbaycandan kənardan necə görünür?
- Mən Azərbaycan klubların heyətləri ilə tanış olduqda çox təəccübləndim. Burada bir deyil, bir neçə güclü komanda var. İndi bütün Avropada Azərbaycan Super Liqasından danışırlar. Bu Türkiyədə də diqqət mərkəzində olan bir mövzudur. Burada komandaların güclü olduğunu hamı bilir.

- “Qalatasaray” Avropada CEV kubokunda mübarizə aparır. Bu turnirdə isə Azərbaycan komandaları yoxdur və biz də istəmərik ki, siz CEV kubokunu tərk edəsiniz. Amma konfederasiya kubokunda çıxışınız alınmasa “Çelenc Cup” yarışına enəcəksiniz. Bu halda, Azərbaycan komandası ilə qarşılaşmaq istərdinizmi?
- Əlbəttə, istəyərik. Amma bu, bizi qorxudur. Çünki Azərbaycan klubları çox güclüdür. Lakin hər komandanın öz oyun üslubu var. Biz bunu ortaya qoyduğumuz halda, kimin qalib gələcəyini demək çətindir.

- Son zamanlar Türkiyə yığmasında gəncləşdirmə siyasəti aparılır. Bu səbəbdən siz də dünya çempionatının keçirildiyi Yaponiyaya aparılmadınız. “Ay-ulduzlular”ın mundialda iştirakı ilə bağlı nə deyə bilərsiniz?
- Yığmamız hazırda uğurla irəliləyir. Artıq növbəti mərhələyə vəsiqəni təmin ediblər. Bundan sonrakı oyunlar isə daha əhəmiyyətlidir. Düzdür, qrup mərhələsinin son oyununda bizi Cənubi Koreya ilə görüş gözləyir. Bu qarşılaşmada da qələbə qazanmalıyıq.

Tahir HÜMMƏTOV
0