Milli komanda Azərbaycan çempionatında mübarizə aparacaq
08.11.2010 - 15:19
Milli komanda Azərbaycan çempionatında mübarizə aparacaq
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan çempionatında oynayacaq komandaların adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AzTOP-un imtina etməsindən sonra Basketbol Federasiyasının bu boşluğu “Gəncə” klubu ilə doldurmaq planı baş tutmayıb.

Maliyyə problemini əsas gətirən gəncəlilər çempionatda oynamaq istəmədiklərini bildiriblər. Nəticədə federasiya yarışda 6 komanda oynatmaq üçün U-18-i “döyüşə” atmağı məqsədəuyğun hesab edib.

Beləliklə, noyabrın 20-də start götürəcək çempionatda “Qala”, “Araz”, “Şəki”, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Dövlət Universiteti və U-18 komandaları mübarizə aparacaqlar.

Bu arada yarışın püşkatma mərasiminin vaxtı da dəqiqləşib. Noyabrın 10-da ilk turda qarşılaşacaq klubların adına aydınlıq gələcək.
0