Həyat yoldaşı “Rabitə”də, özü isə “Qala”da
10.11.2010 - 17:47
Həyat yoldaşı “Rabitə”də, özü isə “Qala”da
“Rabitə” klubunun şərəfini qoruyan serbiyalı voleybolçu Silviya Papoviçin həyat yoldaşı Milovan Popoviç növbəti 1 ildə “Qala” basketbol komandasında oynayacaq. Bu barədə apasport.az saytına məlumatı paytaxt klubunun baş məşqçisi Elxan Əliyev verib.

Əliyev bildirib ki, əslən Çernoqoriyadan olan Popoviçin “Qala”ya cəlb edilməsində əsas məqsəd onun təcrübəsindən faydalanmaqdır: “Bu basketbolçunu heyətimizə milli komandaya kömək etmək üçün cəlb etmişik. Yığmamızı yayda gərgin oyunlar gözlədiyindən, istəyirik məşqlərə qatılsın. Çox təcrübəlidir və bu da bizim xeyrimizə olan amildir. Lakin Popoviç düşərgəmizə Yaponiyada voleybol üzrə dünya çempionatı başa çatdıqdan sonra gələcək. Hazırda Serbiya yığmasının heyətində qüvvəsini sınayan Silviya ilə Asiya ölkəsindədir”.

Qeyd edək ki, Milovan son mövsümdə “Bakı”nın şərəfini qoruyub. Lakin 2009/2010 mövsümünü 4-cü yerdə başa vuran bu klub artıq maliyyə problemi səbəbindən tarixin yaddaşına köçüb.
0