Atanas Petrov: Azərbaycan çempionu çox güclüdür
24.11.2010 - 12:48
Atanas Petrov: Azərbaycan çempionu çox güclüdür
“Azərbaycan çempionu barədə ətraflı məlumata malik deyiləm. Yalnız onu bilirəm ki, vaxtilə rəhbərliyim altında oynayan Diana Nenova Bakı təmsilçisinin şərəfini qoruyur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo-Romprest” voleybol klubunun baş məşqçisi Atanas Petrov deyib.

Bolqarıstanlı mütəxəssis Çempionlar Liqasının I turunda qarşılaşacaqları “Rabitə”dən ehtiyatlansa da, qələbə qazanmaq şanslarının yüksək olduğunu bildirib: “Azərbaycan çempionu bu mövsüm çox güclüdür. Avropanın ən yaxşı komandası hesab olunur. Uğurlu transferlər həyata keçirib. Amma bu, o demək deyil ki, onlara uduzacağıq. Qələbə qazanmaq üçün “Dinamo-Romprest”in də şansları yüksəkdir. Evdə oynamağımız bizim üstünlüyümüzdür. Komandamız Çempionlar Liqasında uğurlu çıxış etmək arzusunda olduğundan inanıram ki, bütün voleybolçularımız ürəklə oynayacaqlar. Turnirə qələbə ilə başlamaq istəyirik”.

Qeyd edək ki, Petrov “Dinamo-Romprest”ə bu mövsüm baş məşqçi təyin edilib. Bu gün “Rabitə” ilə baş tutacaq oyunda onun kimi Dejan Brdjoviç də komandamızı ilk rəsmi görüşə çıxaracaq.
0