Alida Markovici: “Rabitə” daha təcrübəli idi
25.11.2010 - 11:15
Alida Markovici: “Rabitə” daha təcrübəli idi
“Bizim üçün çox ağır oyun oldu. İlk tura belə başlamaq istəməsək də, rəqibin səviyyəsi hər şeyi həll etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Dinamo-Romprest” voleybol komandasının kapitanı Alida Markovici deyib.

Çempionlar Liqasının I turunda “Rabitə”yə 0:3 hesabı ilə uduzan Buxarest təmsilçisinin 37 yaşlı voleybolçusu oyunlarından narazı qalıb: “Adi epizodlarda səhvlərə yol verirdik ki, bu da rəqibin irəliləməsi ilə nəticələnirdi. Lakin II setdə oyunun axarını dəyişmək imkanımız var idi. Hesabda irəlidə olsaq da, bunu məntiqi sonluqla bitirə bilmədik. Çünki Azərbaycan çempionu çox güclü oyun nümayiş etdirdi”.

Markovici bildirib ki, “Rabitə”nin voleybolçuları daha təcrübəli və peşəkar idi: “Bu səbəbdən də layiq olduğu qələbəni qazandı. Mən məğlubiyyətlə yanaşı, azarkeşlərin zaldan peşman qayıtdığına da təəssüflənirəm. Etiraf edim ki, 20 ildir ki peşəkar komandaların şərəfini qoruyuram və Buxarestdə heç vaxt oyunumuzu 2000 tamaşaçı izləməmişdi”.

Qeyd edək ki, Markovici “Rabitə” ilə oyunda komandasının ən yaxşısı olub və “Dinamo-Romprest”ə 13 xal qazandırıb.
0