“Qızıl set” olacaq, olmayacaq?
13.12.2010 - 18:07
“Qızıl set” olacaq, olmayacaq?
Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup” turnirində sabah növbəti görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsindən mübarizəyə başlayan təmsilçimiz Rusiyanın “Omiçka” klubu ilə cavab oyununu keçirəcək.

Səfərdə baş tutan qarşılaşmada 2:3 hesabı ilə uduzan “dəmiryolçular” II matçda mərhələ adlamaq üçün ən pis halda, eyni hesabla qələbə qazanmalıdır. Lakin ilk matçdan sonra “Lokomotiv”in “quru hesab”la qalib gəlib, növbəti mərhələyə çıxacağını proqnozlaşdırmaq olar.

Aleksandr Çervyakovun yetirmələrinin 1 set fərqi ilə qələbə qazanmaları isə ziyanlarına işləyə bilər. Belə olan halda, cütün qalibi “qızıl set”də müəyyənləşəcək ki, burada da bəxtsizlik “Lokomotiv”in şansını azaldır. Çünki Bakı komandası həlledici hissələrdə zəif təsir bağışlayır. Onlar bu mövsümün 2 rəsmi matçında tay-brek oynayıblar (Super Liqada “Şirvan”la və “Çelenc Cup”da “Omiçka” ilə) və heç birində qələbə qazana bilməyiblər.

“Sərhədçi” Olimpiya Mərkəzində Alim Batyuk (Ukrayna) və Ovidiu İlieskunun (Rumıniya) idarə edəcəyi qarşılaşma saat 18:00-da start götürəcək.

İlk oyun
“Omiçka” - “Lokomotiv” - 3:2 (25:22, 20:25, 20:25, 25:21, 15:10)
0