Qızıl vaxtda, qızıl qələbə - YENİLƏNİB
14.12.2010 - 19:57
Qızıl vaxtda, qızıl qələbə - YENİLƏNİB
Azərbaycan çempionatının gümüş mükafatçısı “Lokomotiv” voleybol klubu “Çelenc Cup” turnirinin növbəti mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, II mərhələdən mübarizəyə başlayan Aleksandr Çervyakovun yetirmələri Rusiyanın “Omiçka” klubuna “Qızıl set”də qalib gəliblər.

Səfərdə 2:3 hesabı ilə uduzan voleybolçularımız cavab qarşılaşmasında rəqibdən qisaslarını alıblar. “Lokomotiv” 3:0 hesabı ilə qələbə qazansa da, yeni qaydalara görə cütün taleyi əlavə hissədə həll olunub. “Qızıl set”də daha dəqiq oynayan paytaxt klubu yekunda 16:14 hesabı ilə qalib gələrək, “Omiçka”nı mübarizədən kənarlaşdırıb.

Beləliklə, ötən mövsümdə də mərhələ adlamağı bacaran “Lokomotiv” bu dəfə də eyni uğuru təkrarlayıb.

“Lokomotiv” - “Omiçka” - 3:0 (25:16, 25:23, 26:24)
“Qızıl set”: 16:14
Hakimlər: Alim Batyuk (Ukrayna), Ovidiu İliesku (Rumıniya).
“Sərhədçi” Olimpiya Mərkəzi.
İlk oyun: “Omiçka” - “Lokomotiv” - 3:2 (25:22, 20:25, 20:25, 25:21, 15:10)

I set
“Lokomotiv” görüşə yaxşı başlasa da, rəqib tezliklə oyunda tarazlıq yaratmağı bacarıb. Dəqiqələr ötdükcə “Omiçka”lı voleybolçular hətta özlərini qonaq kimi aparmayıblar. Bundan şoka düşən paytaxt klubunu isə çətin vəziyyətdən baş məşqçi Aleksandr Çervyakov çıxarıb. Çalışdırıcının hesab 11:13 olarkən taym-aut götürməsi “dəmiryolçuları”ın “yuxudan” ayılması ilə nəticələnib. Artıq müdafiədə səhvsiz oynayan voleybolçularımız sonda 9 top fərqi ilə qələbə qazanıblar.

II set
Gərgin mübarizə şəraitində keçən setdə voleybolçularımız çətinliklə qalib gəliblər. Onlar hissənin sonlarında hesabda geri olsalar da, özlərinə gəlməyi bacarıblar. Hesabı bərabərləşdirdikdən (22:22) sonra azarkeşlərin alqışlarından ruhlanan “Lokomotiv” yekunda rusları 25:23 hesabı ilə məğlub edib.

III set
Məğlub olmaq istəməyən “Omiçka” voleybolçularımıza qarşı ciddi müqavimət göstərib. Lakin setboyu hesabda öndə olan qonaqlar arzularını reallaşdıra bilməyiblər. Buna “dəmiryolçuların” səhvsiz oynamaları imkan verməyib.

“Qızıl set”
“Çelenc Cup”la vidalaşmaq istəməyən hər 2 klub hissəyə ehtiyatla başlayıb. Oyunda məğlubiyyətlə barışan rəqib əsl gücünü bu setdə ortaya qoyub. Rusların təhlükəli hücumları qarşısında aciz qalan voleybolçularımız sonda 5 topluq fərqi aradan qaldıraraq əzmkar qələbə qazanıblar.

0