“Lokomotiv” və “İqtisadçı”nın rəqibləri müəyyənləşdi
16.12.2010 - 17:24
“Lokomotiv” və “İqtisadçı”nın rəqibləri müəyyənləşdi
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/16 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Lokomotiv” və “İqtisadçı”nın rəqibləri müəyyənləşib.

Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Lokomotiv” 1/16 finalda Avstriyanın “A Linz-Steg” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Püşkün nəticəsinə görə, paytaxtın digər klubu – “İqtisadçı” Serbiyanın “Tent” komandası ilə qarşılaşacaq.

Ölkəmizin ən titullu komandası “Azərreyl”in rəqibi də bu gün bilinəcək. Vüqar Əliyevin yetirmələri CEV kubokunda qüvvəsini sınayan “Olimpiakos” (Yunanıstan) – “Qalatasaray” (Türkiyə) cütünün məğlub olanı ilə görüşəcək. İlk oyunda 0:3 hesabı ilə uduzan yunanların bizə rəqib olacağı daha realdır.

Komandalarımızın hər 3-ü ilk oyunlarını səfərdə keçirəcəklər.

Qeyd edək ki, 1/16 final mərhələsində mübarizəyə yanvarın 4-6-da start veriləcək. Cavab qarşılaşmaları isə 1 həftə sonra baş tutacaq.
0