“Əsas məlumatı “Beşiktaş”dan almağa çalışacağam” - MÜSAHİBƏ
17.12.2010 - 11:45
“Əsas məlumatı “Beşiktaş”dan almağa çalışacağam” - MÜSAHİBƏ
Bakının “İqtisadçı” voleybol klubunun baş məşqçisi Rəşad Yazıçıoğullarının apasport.az saytına müsahibəsi

- “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində “İqtisadçı” Serbiyanın “Tent” komandası ilə qarşılaşacaq. Püşkün nəticəsindən razı qaldınızmı?
- Uyğun rəqiblə düşdüyümüzü deyə bilərəm. Çalışacağıq ki, ilk 2 mərhələdə olduğu kimi qələbələrimizin davamını gətirək.

- Rəqib barədə hansısa məlumata maliksinizmi?
- Hələ ki, “Tent”i yaxından tanımıram. Amma Serbiyanı təmsil etdiyindən layiqli bir komanda olduğunu söyləyə bilərəm. Rəqib haqqında isə əsas məlumatı “Beşiktaş” komandasından almağa çalışacağam. Çünki onlar CEV kubokunun 1/16 final mərhələsində İstanbul təmsilçiləri ilə qarşılaşıblar. Cütün taleyini isə “Qızıl set” həll edib. İlk qarşılaşmada “Tent” 3:0 hesabı ilə qalib gəlsə də, cavab matçında “Beşiktaş” qələbə qazanıb. Yeni qaydalara görə, “Qızıl set” keçirilib və türkiyəli voleybolçular növbəti mərhələyə yüksəliblər. İnanıram ki, ilk qarşılaşmaya kimi lazımı məlumatı toplayaraq, rəqibi tam analiz edə biləcəyik. Görüşlərin videoyazısını da əldə etməyə çalışacağıq.

- 1/16 final mərhələsinə səfərdə başlayacaqsınız. Bunu “İqtisadçı” üçün üstünlük saymaq olarmı?
- Bəli, bu bizim xeyrimizə olan amildir. Birinci görüşdə rəqibin gücünü səfərdə yoxlamaq böyük üstünlükdür.

- Siz “Çelenc Cup” turnirindən öncə saytımıza müsahibənizdə “Dördlər finalı”na kimi irəliləyəcəyinizi bildirmişdiniz. Artıq 2 mərhələ geridə qalıb. Arzunuzu reallaşdıracağınıza inanırsınızmı?
- Mən Azərbaycana gələndə voleybolun inkişafı üçün əlimdən gələn köməyi edəcəyimi bildirmişdim. Artıq burada idman bu növü çox sevilir və populyardır. Super Liqada gərgin mübarizə gedir. Fikrimcə, Avropa kuboklarında da Bakı komandaları ciddi rəqiblərdəndir. Onlar sırasında “İqtisadçı” da qarşıya qoyduğu məqsədlərə doğru irəliləyir. Bəli, bizim istəyimiz “Dördlər finalı”na yüksəlməkdir və bunu da bacaracağımıza inanıram.

- Rəhbərlik etdiyiniz komanda “Çelenc Cup”ın II təsnifat mərhələsində rekord müəyyənləşdirib. “İqtisadçı” Avstriyanın “Sparkasse” klubu ilə oyunda rəqibindən 75 top üstün olub. Bunu gözləyirdinizmi?
- Belə olacağını ilk matçdan sonra müəyyənləşdirdim. “Sparkasse” yaxşı oynamasına imkan vermədik. Komandamız həm evdə, həm də səfərdə əla oyun nümayiş etdirdi. Bunun üçün voleybolçularımı təbrik edirəm. Bu bizim üçün əlavə stimuldur. Çünki “İqtisadçı” güclü komandaya çevrilib və bunun üçün hər matça ciddi hazırlaşaraq qələbə üçün meydana çıxırıq.

Tahir HÜMMƏTOV
0