“İqtisadçı”da yeni baş məşqçi - FOTO
22.12.2010 - 12:39
“İqtisadçı”da yeni baş məşqçi - FOTO
“İqtisadçı” voleybol klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının bürünc mükafatçısını belçikalı mütəxəssis Jan de Brandt çalışdıracaq. Onunla ilkin olaraq, mövsümün sonuna kimi müqavilə imzalanıb. Lakin klub rəhbərliyi Brandtlə uzun müddət əməkdaşlıq etməyi planlaşdırır.

Belçika yığmasını çalışdırmış Brandt İspaniya və Türkiyədə də çalışıb. Məşqçi kimi klub karyerasında “Tenerife” ilə elə də uğur qazana bilməyən mütəxəssis “Fənərbaxça”da kifayət qədər titula sahib olub.

Belə ki, “sarı-lacivərdli” komandanı 2 dəfə ölkə çempionu (2008/2009, 2009/2010) edən Brandt həmçinin, İstanbul klubuna Türkiyə kubokunu (2009/2010) və Super kubokunu (2009) qazandırıb.

“Fənərbaxça” onun rəhbərliyi altında Avropa kuboklarında da uğurlu çıxış edib. 2009-cu ildə CEV kubokuna sahib olan Brandtinin komandası 1 il sonra Çempionlar Liqasının finalına kimi yüksəlib.

Bundan əlavə, həmyerlilərimiz Valeriya Korotenko, Oksana Parxomenko və Nisə Quliyeva 2008/2009-cu illər mövsümündə Brandtin rəhbərliyi altında çıxış ediblər.

Xatırladaq ki, “İqtisadçı”nın baş məşqçisi Rəşad Yazıçıoğulları az öncə istefa vermişdi.
0