“Rabitə”nin ilk məğlubiyyəti - YENİLƏNİB
28.12.2010 - 20:08
“Rabitə”nin ilk məğlubiyyəti  - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında başa çatmaqda olan ilin son matçı keçirilib. Apasport.az saytının məlumatına görə, bu oyunda “Rabitə” “Lokomotiv”lə qarşılaşıb.

III turdan təxirə salınan görüşə Azərbaycan çempionu inamlı başlasa da, bunu sona kimi davam etdirə bilməyib. Belə ki, ilk 2 hissədə qələbə qazanan Dejan Brdjoviçin yetirmələri sonda 2:3 hesabı ilə uduzublar. Buna baxmayaraq, Super Liqada ilk məğlubiyyətlə üzləşən “Rabitə” fasiləyə qış çempionu kimi yollanıb.

“Lokomotiv” isə qələbə sayəsində xallarının sayını 7-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib.

“Rabitə” - “Lokomotiv” - 2:3 (25:23, 25:21, 21:25, 18:25, 12:15)
“Sərhədçi” Olimpiya İdman Mərkəzi

I set
Oyun “Lokomotiv”in üstünlüyü ilə start götürsə də, hissənin sonlarında “Rabitə” təşəbbüsə yiyələnməyi bacarıb. Set boyu hesabda geridə olan Dejan Brdjoviçin yetirmələri təcrübələri sayəsində çətin qələbə qazanıblar. Belə ki, hissənin sonunda hesabı bərabərləşdirdikdən (22:22) sonra rəqibinin çətin vəziyyətə düşməsindən istifadə edən “Rabitə” ilk seti öz aktivinə yazıb.
II set
“Lokomotiv”də yaranan ruh düşkünlüyü Azərbaycan çempionunun setə uğurla başlaması ilə nəticələnib. Lakin bütün mövqelərdə inamlı təsir bağışlayan “rabitəçilər” sonda arxayınçılığın qurbanı ola bilərdilər. 9 top geridə olan Aleksandr Çervyakovun yetirmələri top fərqini 3-ə çatdırsalar da, hesabı bərabərləşdirmək arzularını həyata keçirə bilməyiblər.
III set
Bu hissə ilk 2 setdən fərqli, daha gərgin mübarizə şəraitində keçib. Məğlubiyyətlə barışmaq istəməyən “dəmiryolçular” çətinliklə də olsa qələbə qazanıblar. Onların qalib gəlməsində isə “Rabitə”nin voleybolçularının bir-birilərini düzgün başa düşməməsi mühüm rol oynayıb.
IV set
Qələbədən ruhlanan Aleksandr Çervyakovun yetirmələri bu hissədə gözəl oyun nümayiş etdiriblər. Onlar rəqibin zəif nöqtələrini tapdıqdan sonra setlər arasında fərqi bərabərləşdiriblər. “Lokomotiv” əsasən blokda və müdafiədə inamlı təsir bağışlayıb.
V set
Həlledici hissədə “Rabitə” çətinliklə üzləşib. Baş məşqçi Dejan Brdjoviç oyunun axarını dəyişmək istəsə də, alınmayıb. Onun etdiyi əvəzləmələr də komandasının köməyinə gəlməyib və “dəmiryolçular” 15:12 hesabı ilə qələbə qazanıblar.


1

Rabitə

5

4

1

14-4

9

2

Azərreyl

5

4

1

13-5

9

3

İqtisadçı

5

3

2

11-8

8

4

Lokomotiv

5

2

3

8-12

7

5

Bakı

5

1

4

5-12

6

6

Şirvan

5

1

4

4-14

6


0