“Kor püşk bizə güclü Bakı klubunu qismət etdi”
29.12.2010 - 12:06
“Kor püşk bizə güclü Bakı klubunu qismət etdi”
“Təəssüf ki, hər şey gözlədiyimizin əksinə oldu. Bizim üçün oyunlar çox çətin keçəcək”. Apasport.az saytının məlumatına görə, bu sözlər Çexiyanın “Sokol Pisek” həndbol komandasının baş məşqçisi Malinek Libora məxsusdur.

Çexlər “Çelenc Cup” turnirinin 1/16 final mərhələsində Bakının ABU klubu ilə qarşılaşacaqlar. Liboranın fikrincə, püşkdə bəxtləri gətirməyib: “Asan rəqiblə düşəcəyimizi gözləyirdik. Lakin kor püşk bizə “Çelenc Cup”ın ən güclülərindən hesab edilən Azərbaycanın ABU klubunu qismət etdi. Rəqibin heyəti təcrübəli həndbolçulardan qurulub. Onlarla oynamaq çox çətin olacaq. Xüsusilə, səfərdə gərgin mübarizə gedəcək. Hazırda komandamızda olan maliyyə problemi də burada öz sözünü deyəcək. Sponsorumuzun olmaması bizi pis vəziyyətdə qoyub. Lakin “Çelenc Cup”da mərhələ adlasaq, Avropa Həndbol Federasiyası 50 min dollar verəcək. Bunun üçün çalışacağıq ki, qələbə qazanaq və maliyyə problemimizi az da olsa düzəldək”.

Xatırladaq ki, ABU və “Sokol Pisek” ilk oyun fevralın 5-i və ya 6-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra səfərdə baş tutacaq.
0