Basketbol Federasiyası 2010-cu ilə yekun vurdu
30.12.2010 - 12:55
Basketbol Federasiyası 2010-cu ilə yekun vurdu
Azərbaycan Basketbol Federasiyası 2010-cu ilə yekun vurub. Apasport.az saytının məlumatına görə, federasiyanın icraçı direktoru Rüstəm Rüstəmov bildirib ki, başa çatmaqda olan pələng ili basketbolçularımız üçün uğurlu keçib.

O, 2010-cu ilin xüsusilə kişilərdən ibarət yığmamız üçün yaddaqalan olduğunu deyib: “Bu il Azərbaycan basketbolçuları üçün uğurlu il kimi xatırlanacaq. Martda kişilərdən ibarət milli komandamız Qırğızıstanda keçirilən “Novruz-2010” beynəlxalq turnirinin qalibi oldu. Ardınca B divizionunda uzun fasilədən sonra qələbə qazandı. Onlar ilk dövrədə keçirdikləri 4 oyundan 3-də rəqiblərini məğlub etməyi bacardılar”.

Rüstəmovun sözlərinə görə, başa çatmaqda olan il Ermənistan basketbolçuları üzərində möhtəşəm qələbə ilə də tarixə öz möhürünü vurub: “Pələng ili yeniyetmə basketbolçularımız üçün də yadda qalan oldu. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə Gürcüstanın Batumi şəhərində həmyerlimiz Valeri Altabayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə paytaxtın “Renat” komandası gümüş mükafata yiyələndi. Uşaq-yeniyetmə liqasının çempionu Ermənistan basketbolçuları üzərində 96:42 hesabı ilə qələbə qazanaraq, 1 il öncəki acı məğlubiyyətin əvəzini çıxdılar. Bundan əlavə, “Kesbasket” məktəb liqasının finalında çıxış edən yığmamızın iştirakı uğurlu alındı. Milli komandamızın gənc basketbolçusu Renat Urzayev turnirin ən yaxşısı seçildi”.
0