Natəvan Qasımovanın Çempionlar Liqasında oynamasında problem yaranıb
16.02.2011 - 13:31
Natəvan Qasımovanın Çempionlar Liqasında oynamasında problem yaranıb
İtaliyanın “Skavolini” klubuna transfer olunan Azərbaycan yığmasının voleybolçusu Natəvan Qasımova Çempionlar Liqasında iştirak edə bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb onun adının sifariş ərizəsinə salınması üçün lazım olan pulun vaxtında ödənilməməsidir.

Lakin Qasımovanın transferini həyata keçirən “Şining Stars” şirkətinin meneceri Ümüt Barış Yünlü bildirib ki, hər şey vaxtında edilsə də, Avropa Voleybol Konfederasiyası (CEV) problem yaradıb: “Çempionlar Liqasında sifariş vərəqəsinə voleybolçunun adı daxil etmək üçün son tarix yanvarın 31-də başa çatıb. Biz də oyunçumuzun yeni klubunda oynaması üçün bütün cəhdlərimizə baxmayaraq, CEV onun adını siyahıya əlavə etmədi. Belə ki, yanvarın 28-də onun sifarişi üçün banka pul ödəsək də, bu əməliyyat cavabdeh tərəfindən 3 gün sonra həyata keçirilib. Lakin Avropada pul əməliyyatları 1 gün içində olduğu halda, CEV voleybolçumuzun sifariş pulunun fevralın 2-də hesabına köçdüyünü bəhanə gətirib. Bundan sonra isə Qasımovanın adını sifariş vərəqinə daxil etməyib. Ən gülməlisi isə odur ki, beynəlxalq qurum “Skavolini”nin nə üçün 3 gün gözlədiyini soruşaraq, onları günahkar çıxarmasıdır”.

Yünlünün sözlərinə görə, onlar bu işin sonuna kimi gedəcəklər və məhkəməyə şikayət edəcəklər: “Biz CEV-dən bu günlərdə bunun nə cür ediləcəyini soruşduq. Mövzu ilə bağlı Beynəlxalq İdman Məhkəməsinə (CAS) müraciət edəcəyik. Çünki beynəlxalq federasiyanın işi voleybolçuları idmandan kənar məsələlərə görə cəzalandırmaq deyil, onları oynatmaq olmalıdır”.

Qeyd edək ki, bu mövzu ilə əlaqədar İtaliya və Azərbaycan voleybol federasiyaları da CEV-ə müraciət ünvanlayıblar.
0