“Natəvan Qasımova təsadüfən transfer edilməyib”
22.02.2011 - 13:14
“Natəvan Qasımova təsadüfən transfer edilməyib”
“Təəssüf ki, sənədlərində problem yarandı. O, bizə Çempionlar Liqasında kömək edə bilməyəcək. Lakin bu problemi həll etməyə çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Skavolini” komandasının baş məşqçisi Paolo Tofoli deyib.

İtaliyalı mütəxəssis Pesaro təmsilçisinin heyətinə transfer olunan Azərbaycan yığmasının üzvü Natəvan Qasımovanın sənədlərində yaranan problemə münasibət bildirib. Onun sözlərinə görə, toppaylayıcımızın belə çətinliklə qarşılaşacaqlarını gözləmirlərmiş. Tofoli “Skavolini”yə böyük ümidlərlə transfer olunan Qasımovanın komandaya böyük fayda vermək gücündə olduğunu bildirib: “Biz bu voleybolçunu böyük ümidlərlə heyətimizə qatmışıq. O, çox perspektivli voleybolçudur və komandamıza təsadüfi gəlməyib. Azərbaycan voleybolu hazırda sürətlə inkişaf edir. İnanıram ki, gənc Qasımova yüksək səviyyədə oynayan tək azərbaycanlı voleybolçu deyil”.

Xatırladaq ki, Qasımovanın Çempionlar Liqasında oynaması üçün ödənilməli olan pul Avropa Voleybol Konfederasiyasının hesabına 2 gün gec köçürüldüyündən, qitənin ən mötəbər yarışında iştirak edə bilməz.
0