“Rabitə” blokda, müdafiədə və top qəbulunda zəifdir” - MÜSAHİBƏ
24.02.2011 - 14:38
“Rabitə” blokda, müdafiədə və top qəbulunda zəifdir” - MÜSAHİBƏ
Bu gün Çempionlar Liqasının II pley-off mərhələsində Bakının “Rabitə” klubu Polşada “Bank BPS Fakro” komandasının qonağı olacaq. Apasport.az saytının məlumatına görə, oyundan öncə komandanın baş məşqçisi Boqdan Servinski iddialı açıqlama verib. O, müsahibəsində Azərbaycan çempionunun güclü və zəif cəhətlərini müəyyənləşdirdiklərini və lazımı taktika seçdiklərini bildirib.

- “Rabitə” 2 dəfə “Aluprof”la qarşılaşıb və Polşada məğlubiyyətlə üzləşiblər. Bu səbəbdən “Bank BPS Fakro”nu bu gün hansı nəticə qane edəcək?
- Hər bir qarşılaşmanın öz gediş tərzi, hər bir komandanın isə öz oyun üslubu var. Bu cür oyunlarda hesab demək çətin olur. Onu qeyd edə bilərəm ki, biz həqiqətən də güclü rəqiblə qarşılaşacağıq və meydana çıxıb döyüşməliyik.

- “Rabitə”nin bu il Çempionlar Liqasında oynadığınız digər komandalarla müqayisədə necə qiymətləndirirsiniz?
- Onların Avropada 6 ən güclü komanda sırasına çıxması hansı səviyyədə olmasına sübutdur. Bunun üçün əlavə şərhə ehtiyac görmürəm. Amma nəzərə almaq lazımdır ki, biz də “altılığa” düşmüşük. Bizim də şansımız var. Bunun üçün oyunda hər 2 komandanın şanslarını 50-nin 50-yə qiymətləndirirəm.

- Bəlkə “Qızıl set” oynamaq daha yaxşı olardı? Bu, ədalətli hesab edilərmi?
- Bunun ehtimalı həmişə var. Bir tərəfdən deyirlər ki, bu yaxşı olardı. Lakin lotereyada bəxt söhbəti də var. Məsələn, II pley-off mərhələsində “Zariçye” Rusiyada İsveçrənin “Valero” klubuna quru hesabla qalib gəldi. Elə təəssürat yarandı ki, ruslar artıq mərhələ keçiblər. Lakin matçın sonunda bunun sadəcə 1 təəssürat olduğu müəyyənləşdi. Çünki isveçrəlilər cavab görüşündə və “Qızıl set”də də asan qalib gəldilər. Buna görə də rəqibdən şikayətlənmək lazım deyil. Püşkün nəticələrindən də lovğalanmağın yeri yoxdur.

- Sizcə “Rabitə”nin güclü və zəif cəhətləri hansıdır?
- Şübhəsiz ki, güclü cəhəti ayrı-ayrı oyunçuların fərdi keyfiyyətlərinin yüksək olmasıdır. Onların heyətində Natalya Məmmədova, Kimberli Qlass və Mira Qoluboviç kimi dünya səviyyəli ulduzlar var. Bunun üçün rəqibimiz hücumda çox güclü təsir bağışlayır. Lakin onların zəif cəhətləri də kifayət qədərdir. Məsələn, blokda, müdafiədə və top qəbulunda “Rabitə” daha zəifdir. Bizim şansımız da elə bundadır. Amma bu, yalnız nəzəri fərziyyələrdir. Qarşılaşmanın isə necə olacağını isə bu gün görəcəyik.

- “Rabitə” səfərdə də zəif oyunu ilə diqqət çəkir. Onlar Polşaya son səfərlərində “Aluprof” ciddi müqavimət göstərsələr də, qələbə qazana bilmədi. II pley-off mərhələsində isə Çexiyada “Modranska” ilə bacarmadı. Yəqin ki, bu üstünlüyünüz hesab edilməlidir...
- Fikrimcə, onlara bu prizmadan yanaşmaq düzgün olmaz. Biz də qrup mərhələsində Polşada “Zariçye”yə uduzduq. Lakin səfərdə onlardan güclü olduq. Bunun üçün belə oyunlarda hər nəticə qeydə alına bilər. Necə ki, son görüşümüzdə İtaliyanın “Villa Korteze” komandasına evdə çətinliklə qalib gəldik və səfərdə uduzduq. Lakin “Qızıl set” hesabına mərhələ adladıq.

- “Aluprof” “Rabitə” ilə eyni qrupda yer almışdı. Bunun üçün onların oyunlarını Qrzeqorz Vaqner də kifayət qədər analiz edib. Siz “Aluprof”un baş məşqçisindən hansısa məsləhətləri almısınızmı?
- Mən ondan məsləhətlər almışam. Bu mərhələdən öncə italiyalılarla oyunda belə hallar baş verib. Ancaq yekunda yenə öz planlarını həyata keçirirsən. Yəni bu oyunda seçəcəyin taktika komandanın imkanlarına və potensiallarına arxalanmalıdır. Bir sözlə, taktika sadəcə komandanın nöqsanlarını ört-basdır etməyə və onun güclü cəhətindən istifadə etmək üçündür. Digər tərəfdən biz rəqibin əsas “silahlarını” neytrallaşdırmaq və onun səhvlərindən istifadə etməliyik. Bunun üçün də digər vasitələr tapmaq lazımdır. Mənə elə gəlir ki, digər məşqçilərin köməyi bizə elə fayda verməyəcək.

- “Bank BPS Fakro”nun “Rabitə” ilə oyunqabağı vəziyyətini necə qiymətləndirirsiniz?
- Biz II pley-off mərhələsinin cavab matçından - İtaliyadan qayıdandan sonra əsas fikrimizi “Rabitə” ilə qarşılaşmaya yönəltmişik. Bundan öncə biz çempionatda 2 çətin oyun keçirdik. Lakin bu gün fiziki formamızın pik nöqtəsinə çatmışıq. Yaddan çıxarmaq lazım deyil ki, rəqiblə qarşılaşmada psixoloji hazırlıq da mühüm rol oynayacaq. Mənə elə gəlir ki, komandanın əməyi “Rabitə”yə qarşı oyunda öz bəhrəsini verəcək.

- Zədəli voleybolçuların vəziyyəti nə yerdədir? Hollandiyalı Debbi Ctam-Pilon deyəsən bu oyunda komandaya kömək edə biləcəkmi?
- Bəli artıq zədəsini sağaldıb və komanda ilə birgə məşqlərə başlayıb. Debbinin bizə köməyi böyük olacaq.
0