Avropa kubokunda Azərbaycan yarımfinalı
02.03.2011 - 22:56
Avropa kubokunda Azərbaycan yarımfinalı
Bakının “İqtisadçı” voleybol klubu “Çelenc Cup” turnirinin yarımfinalına vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, komandamız buna 1/4 finalda Çexiya “Kralovo Pole”si məğlub etməklə nail olub.

Bakıda keçirilən qarşılaşmada 3:0 hesabı ilə qələbə qazanan Jan De Brandtın yetirmələrinin səfərdə də Brno təmsilçisinə qalib gəlib. Düzdür, universitet komandası oyuna məğlubiyyətlə başlayıb. Lakin rəqibin ardıcıl 2 seti aktivinə yazması “İqtisadçı”nın öz oyununu tapması ilə nəticələnib.

Belə ki, 0:2 hesabı ilə geridə olan voleybolçularımız III setdən təşəbbüsü ələ alıblar. Onların gözəl oyunu isə rəqibi şoka salıb. Bundan məharətlə yararlanan komandamız əzmkarlıq göstərərək dalbadal 3 hissədə qələbə qazanıb və yarımfinala yüksəlib. Bu qələbə isə “İqtisadçı” üçün ikiqat bayram olub. Onlar “Çelenc Cup”da növbəti mərhələyə vəsiqə qazanmaqla yanaşı, meydanı 10-cu dəfə qalib kimi tərk ediblər.

Yarımfinalda isə “İqtisadçı”nın rəqibi digər Azərbaycan klubu – “Lokomotiv” olacaq. Onlar arasında ilk görüş 15-16 martda, cavab qarşılaşması isə 19-20-də keçiriləcək.

Qeyd edək ki, Bakının digər klubu “Azərreyl” də 1/2 finalda mübarizə aparacaq.


“Kralovo Pole” – “İqtisadçı” - 2:3 (25:23, 25:19, 14:25, 22:25, 10:15)
Hakimlər: Marçin Herbik (Polşa) və Cerard Reynolds (İrlandiya).
0