7 illik həsrətə son!
04.03.2011 - 00:09
7 illik həsrətə son!
Bakının “Rabitə” voleybol klubu 7 illik həsrətə son qoyub. Apasport.az saytının məlumatına görə, Dejan Brdjoviçin yetirmələri buna Çempionlar Liqasının II pley-off mərhələsində Polşa “Bank BPS Fakro”suna qalib gələrək, “Dördlər finalı” vəsiqə qazanmaqla nail olub.

Belə ki, Avropanın ən mötəbər turnirinin yarımfinalında ilk və son dəfə Azərbaycan klublarından yalnız “Azərreyl” qüvvəsini sınayıb. Bu isə 2003/2004-cü illər mövsümünə təsadüf edib. Yarışa “wild card”la qatılan “Rabitə” isə debütdəcə 7 ildən sonra yenidən bu uğura imza atmaqla, tarixində yeni səhifə açıb.

İstanbulda keçiriləcək “Dördlər finalı”nda son Azərbaycan çempionu “Azərreyl”in nəticəsini də yaxşılaşdıra bilər. Çünki həmin vaxt “dəmiryolçular” yekunda hər 2 görüşü uduzaraq 4-cü olduğu halda, “Rabitə” 1 qələbə qazanmaqla adını voleybol tariximizə yazdıra bilər.

Qeyd edək ki, “Azərreyl” Çempionlar Liqasında 6 mövsüm (2002-2008) iştirak edib.
0