Natalya Məmmədova: Mən xoşbəxtəm!
04.03.2011 - 00:00
Natalya Məmmədova: Mən xoşbəxtəm!
“Mən xoşbəxtəm. Debüt ilindəcə “Dördlər finalı”na vəsiqə qazandığımız üçün çox sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə” voleybol klubun voleybolçusu Natalya Məmmədova deyib.

Bakı klubunun kapitanı Çempionlar Liqasının II pley-off mərhələsində Polşanın “Bank BPS Fakro” komandasına qalib gəldikdən sonra bildirib ki, bununla kifayətlənməyəcəklər: “Biz uğurlu çıxış etdik. Amma bu uğuru sonacan davam etdirmək arzusundayıq. İnanıram ki, İstanbulda keçiriləcək “Dördlər finalı”nda lazımı nəticə qazanacağıq”.

“Rabitə” növbəti mərhələdə yenidən İtaliya “Skavolini”si ilə qarşılaşa bilər. Səfərdə İsveçrə “Volero”sunu 3:1 hesabı ilə məğlub edən Apennin təmsilçisinin bu gün cavab matçında da qalib gələcəyi proqnozlaşdırır. Qrup mərhələsində “Skavolini” ilə oyunda mübarizə aparan Məmmədova rəqibdən çəkinmədiklərini deyib: “Biz onlarla 2 oyun oynadıq. Bakıda qalib gələrək səfərdə məğlub olduq. Amma yarımfinalda tam başqa oyun olacaq. Çünki qrup mərhələsi ilə müqayisədə bu dəfə oyun daha fərqli olacaq. Həmin görüşdə biz pley-offa yüksəlmək üçün deyil, finala vəsiqə qazanmaq üçün meydana çıxacağıq. Bütün gücümüzü səfərbər edərək, onlardan növbəti dəfə güclü üstün olmağa çalışacağıq”.

Qeyd edək ki, “Rabitə” qrup mərhələsində “Skavolini”ni qabaqlayaraq I pilləni tutmuşdu.
0