“Bu qaydaların müsbət cəhəti də var” - MÜSAHİBƏ
14.03.2011 - 11:45
“Bu qaydaların müsbət cəhəti də var” - MÜSAHİBƏ
“İqtisadçı” voleybol klubunun belçikalı baş məşqçisi Jan De Brandtın apasport.az sayına müsahibəsi

- Komandanızı qarşıda gərgin oyunlar gözləyir. Öncə “Çelenc Cup” turnirinin yarımfinalında, ardınca isə Super Liqanın finalında çıxış edəcəksiniz. Yetirmələrinizi bu oyunlara hazır sayırsınızmı?
- Hər şey qaydasındadır. Məşqlərimizi intensivləşdirmişik. İstəyirik ki, hər 2 yarışda ən yaxşı nəticəni qazanaq. Düzdür, bəzi voleybolçularımız zədəli olduqlarından, heyətimiz ideal deyil. Amma ümid edirəm ki, “Çelenc Cup” turnirinin ilk oyununa kimi tam hazır olacağıq.

- “Çelenc Cup” turnirinin yarımfinal görüşündə “Lokomotiv”lə qarşılaşacaqsınız. Rəqibin Azərbaycan Super Liqasında iştirak etməsi bu oyuna marağı azaltmır ki?
- Mən belə deməzdim. Çünki Avropa kuboku ilə Super Liqanın oyunlarını bərabərləşdirmək düzgün olmaz. Fikrimcə, “Lokomotiv”lə matç çox çətin olacaq. Burada ilk matçın nəticəsinə əsasən də nəsə söyləmək çətindir. Qalib cavab qarşılaşmasında müəyyənləşəcək. Çünki ilk oyunda qalib gələcəyin halda belə, II görüşdə uduzmamağa çalışmalısan. Yeni qaydalar bunu tələb edir. Amma bu qaydaların digər müsbət cəhəti də var. Belə ki, I görüşdə səhvə yol verdikdən sonra bunu növbəti qarşılaşmada düzəltmək imkanına maliksən. Amma təbii ki, qələbə qazansaq, bu bizim üstünlüyümüz olacaq. Belə olan halda, ən azı cavab qarşılaşmasında “Qızıl set”ə ümid edirsən. Rəqibimiz də əvvəlki komanda deyil. Onlar 1 ay öncə ilə müqayisədə indi daha gözəl oyun nümayiş etdirirlər. Bu səbəbdən şanslar bərabərdir.

- Amma sizin gəlişinizdən sonra “İqtisadçı” uğurlu çıxış edir. Bunu Super Liqanın son turunda “Azərreyl”ə qalib gəlməklə də sübut etdiniz. Sizcə, bu amil “Çelenc Cup”da növbəti qələbənizdən xəbər vermir ki?
- Mən bunu inkar eləmirəm. Ardıcıl 11 oyundur qalib gəlirik. Bu cəhət komandamızın “Lokomotiv”lə müqayisədə üstünlüyünün göstəricisidir. Amma voleybol oyununda 1-2 voleybolçunun olması kifayət deyil. Hər iki cəbhədə finala yüksəlmək üçün formalaşdırılmış komanda olmalıdır. Hər şeydən öncə yaxşı nəticələr üçün bizə yaxşı oyunçular da lazımdır.

- Amma heyətinizdə kifayət qədər voleybolçu var...
- Düzdür, “İqtisadçı”da oyun qurmaq üçün lazımı qədər oyunçu var. Biz bununla istəyimizə çatacağıq. Yəni, növbəti qarşılaşmalarda qələbələrimizi davam etdirəcəyik.

- Rəhbərliyiniz altında “İqtisadçı” artıq 1 dəfə - Super Liqanın VII turunda “Lokomotiv”ə 3:0 hesabı ilə qalib gəlib. Bu dəfə də eyni uğuru təkrarlayacağınıza inanırsınızmı?
- Biz bunu bacaracağıq. Artıq rəqiblə necə oynayacağımızı da müəyyənləşdirmişik. Amma ilk duellə bağlı onu deyə bilərəm ki, heyətimizdə topu oyuna daxil edən yaxşı voleybolçular var. Bu da qadın komandalarında mühüm cəhətdir. Bundan əlavə, top qəbulunda da kifayət qədər üstünük. Yəni, topu oyuna yaxşı daxil etmək komandaya xal gətirir, əla top qəbulu isə lazımı vaxtda manevr etməkdə köməyimizə gəlir. İnanıram ki, biz bunların hamısını ən yaxşı səviyyədə bacaracağıq.

- Sizdən əvvəlki baş məşqçi Rəşad Yazıçıoğulları “İqtisadçı”nın Super Liqada və “Çelenc Cup” yalnız I yer üçün mübarizə apardığını deyirdi. Brandt da bu fikirdə qalırmı?
- Təbii ki. İnanıram ki, lazımı nəticəni qazanacağıq.
0