“Azərbaycanda çox güclü komandalar var”
14.03.2011 - 14:27
“Azərbaycanda çox güclü komandalar var”
“Azərbaycanda çox yaxşı və güclü komandalar var. “Lokomotiv” də bunlardan biridir”. Bu sözləri apasport.az saytına açıqlamasında “İqtisadçı” klubunun voleybolçusu Ueiss Katlin deyib.

Martın 16-da “Çelenc Cup” turnirinin yarımfinalında Azərbaycan dueli baş tutacaq. Həmin görüşdə “İqtisadçı” “Lokomotiv”lə münasibətlərinə aydınlıq gətirəcək. Katlinin sözlərinə görə, Super Liqada 2 dəfə 3:0 hesabı ilə məğlub etdikləri rəqiblərinə bu dəfə də qalib gəlmək gücündədirlər: “Biz qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. İlk növbədə məqsədimiz yarımfinal səddini keçməkdir. Çox yaxşı şansımız var. Bunun üçün komandada inamın olması vacibdir. Super Liqada olduğu kimi, yenə də “dəmiryolçular”ı məğlub etsək, finalda iştirak edəcəyik. Amma qalib 2 görüşün sonunda müəyyənləşəcək. Düzdür, onlarla keçirəcəyimiz qarşılaşmaların 2-də də qalib gələ bilərik. Bunu isə meydanda öz oyunumuzla sübut etməliyik. Komandada gözəl abı-hava var və uğurlu çıxışımızı davam etdirmək istəyirik”.

Almaniya, Hollandiya və İtaliya çempionatlarında çıxış edən Katlin bildirib ki, onlar tək “Çelenc Cup”da deyil, Super Liqada da çempion olmaq arzusundadırlar: “Çempionat sona yaxınlaşır. Həlledici mərhələyə birbaşa vəsiqə qazanmışıq. Fikrimcə, bu bizdə heç bir arxayınçılıq yaratmayacaq. Çünki qarşıda komandamızı 3 gərgin oyun gözləyir. Bu matçları isə qələbə ilə başa vurmalıyıq. Ümid edirəm ki, yekunda qalib olmağı bacaracağıq. Çünki biz “Çelenc Cup”la yanaşı, Super Liqada da çempionluq uğrunda mübarizə aparırıq”.

Yığmasının heyətində dünya Qran-prisinin bürünc medalını qazanan “İqtisadçı”nın aparıcı voleybolçusu Azərbaycan Super Liqası ilə Almaniya, Hollandiya və İtaliya çempionatlarını da müqayisə edib: “Super Liqa çox yüksək səviyyədədir. Çempion adı uğrunda 6 komanda mübarizə aparır ki, onlardan da heç birinə zəif demək mümkün deyil. Fikrimcə, əla oynayan 6 klub, zəif kollektivləri olan 12 komandadan daha yaxşıdır”.

Qeyd edək ki, Ueiss Katlin “İqtisadçı”ya İtaliya A seriyasında oynayan “Peruca”dan transfer olunmuşdu.
0