Tayibu Xaneef-Park: “Lokomotiv” Metkalfın oyunundan enerji alır
15.03.2011 - 10:39
Tayibu Xaneef-Park: “Lokomotiv” Metkalfın oyunundan enerji alır
“Hər 2 komanda yerli azarkeşlər qarşısında çıxış edəcək. Bunun üçün oyunlarımız çətin keçəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “İqtisadçı”nın voleybolçusu Tayibu Xaneef-Park deyib.

Sabah “Çelenc Cup” turnirinin yarımfinal mərhələsində Azərbaycan dueli – “İqtisadçı” və “Lokomotiv” görüşü baş tutacaq. ABŞ yığmasının heyətində Pekin Olimpiadasının gümüş medalını qazanan 32 yaşlı Xaneef-Parkın sözlərinə görə, hər 2 klub eyni gücdə olduğundan növbəti mərhələyə yüksəlmək şansları bərabərdir: “Rəqiblə bizim voleybolçularımız eyni səviyyədədirlər. Buna görə daha hazırlıqlı komanda qalib gələcək. Biz qarşılaşmanın tempini aşağı salıb, topu oyuna daxil edərkən üstünlük qazana bilərik”.

Super Liqamızın ən hündürboylu (200 sm) voleybolçusu rəqibin heyətində xüsusi diqqət yetirməli olduqları oyunçunun adını açıqlayıb: “Lokomotiv” Nansi Metkalfın oyunundan enerji alır. Düzdür, onların digər voleybolçuları da yaxşı çıxış edirlər. Lakin hər şey liderdən asılı olur. Çalışacağıq ki, ilk matçda üstünlüyə yiyələnək. Bizim qalib gəlməyimizdə güclü blokumuz da mühüm əhəmiyyət daşıyacaq”.

Qeyd edək ki, “İqtisadçı” və “Lokomotiv” qarşılaşması saat 18:00-da start götürəcək.
0