Dramatik qələbə - YENİLƏNİB
15.03.2011 - 20:18
Dramatik qələbə - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşmada “Azərreyl” Rusiyanın “Uraloçka” komandasını qəbul edib.

“Çelenc Cup” turnirində bu mövsüm məğlubiyyət acısı yaşamayan Bakı klubu 11-ci görüşünü də qələbə ilə başa vurub. Düzdür, ilk hissədə 25:22 hesabı ilə Nikolay Karpolun komandasını məğlub edən “Azərreyl” növbəti setdə eyni hesabla uduzub.

Bundan sonra III hissəni aktivinə yazan voleybolçularımız növbəti setdə yenidən üstünlüyü əldən veriblər. Lakin IV hissədə 29:31 hesablı məğlubiyyət komandamızı ruhdan salmayıb. Onlar hətta həlledici setdə 1:6 hesabı ilə geridə olsalar da, yekunda 15:13 hesablı qələbəyə seviniblər.

Qeyd edək ki, Vüqar Əliyevin yetirmələri dramatik qələbə sayəsində, həmçinin “Uraloçka” sindromunu da qırıblar. İndiyədək şimal təmsilçiləri ilə 2 dəfə üz-üzə gələn “Azərreyl” bu görüşlərdə məğlubiyyətlə barışmışdı.

“Uraloçka” – “Azərreyl” qarşılaşması isə martın 19-da Yekaterinburqda baş tutacaq


“Azərreyl” – “Uraloçka” - 3:2 (25:22, 22:25, 25:21, 29:31, 15:13)
Hakimlər: Pavel Vaskoya (Slovakiya), Helmut Çrişinq (Avstriya).
“Sərhədçi” Olimpiya Mərkəzi
0