Avrokubokda Azərbaycan finalı
19.03.2011 - 17:41
Avrokubokda Azərbaycan finalı
Bakının “Azərreyl” voleybol klubu “Çelenc Cup” turnirinin finalına vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, buna Vüqar Əliyevin yetirmələri Rusiya “Uraloçka”sını hər 2 görüşdə məğlub etməklə nail olublar.

Yarımfinal mərhələsinin ilk matçında 3:2 hesabı ilə qələbə qazanan “Azərreyl” cavab görüşündə rəqibini daha asan təslim edib. Belə ki, bu gün Nijni-Taqil şəhərlərində baş tutan oyunun ilk dəqiqələrdən təşəbbüsə yiyələnən voleybolçularımız bunu sona kimi davam etdiriblər. Düzdür, ilk 2 hissədə “Uraloçka”ya qalib gələn komandamız III setdə məğlubiyyətlə üzləşib. Lakin bundan sonra ruhdan düşməyən “Azərreyl” rəqibin hesabı bərabərləşdirməsinə imkan verməyib. IV hissədə 25:19 hesabı ilə qalib gələn Bakı klubu 90 dəqiqənin yekununda cavab görüşünün nəticəsini müəyyənləşdirib – 3:1.

Beləliklə, “Çelenc Cup”da keçirdiyi 12-ci görüşünü də qələbə ilə başa vuran “Azərreyl” finala yüksəlib. Həlledici mərhələdə isə komandamızın rəqibi sabah baş tutacaq Azərbaycan derbisində - “Lokomotiv” – “İqtisadçı” oyunda dəqiqləşəcək. Bu isə o deməkdir ki, Avrokubokda Azərbaycan finalı olacaq.

Qeyd edək ki, final mərhələsinin ilk oyunu martın 29-30-da, cavab görüşü isə aprelin 2-3-də keçiriləcək.

“Uraloçka” - “Azərreyl” - 1:3 (15:25, 21:25, 25:23, 19:25)
Hakimlər: Yakobus Nederhud (Hollandiya), Roberto Boris (İtaliya).
0