“Türkiyədə yaxşı hörmət qazanmışdım”
31.03.2011 - 15:24
“Türkiyədə yaxşı hörmət qazanmışdım”
“Müqaviləmin vaxtı bitdiyi üçün vətənə qayıtmışam. Amma yenidən ölkə xaricində çıxış etmək üçün bir neçə təklif almışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan voleybol yığmasının kapitanı Fərid Cəlalov deyib.

Türkiyənin “Sivas 4 Eylül Bələdiyyəspor” klubunda çıxışını yekunlaşdıraraq, Bakıya qayıdan Cəlalovun bildirib ki, karyerasını qonşu ölkədə davam etdirməsinə komandada yaranan maliyyə böhranı mane olub: “Bu klubla özüm müqavilə bağlamışdım. Heç kimin köməyi olmadan hər şeyi razılaşdırmışdıq. Mən hələ oraya yollanarkən, 2007/2008-ci illər mövsümündə “Fredrikşafen”də oynadığımı dedikdə onlar buna təəccüblə yanaşırdılar. Çünki 20 yaşında Avropanın ən güclü klubunun şərəfini qorumağıma şübhə ilə yanaşsalar da, sonradan karyeramla maraqlanıb necə voleybolçu olduğumu müəyyənləşdirdilər. Ardınca pley-off mərhələsinə qədər müqavilə imzaladıq. Bu mərhələyə yüksəldikdən sonra isə yenidən qalmağımı istədilər. Lakin mən razılaşmadım. Çünki komandada son zamanlar maliyyə problemi hökm sürürdü. Maaşlar gecikirdi. Fikirləşdim ki, pulumuzu verməyəcəklər. Bu səbəbdən də vətənə qayıtmağı üstün tutdum”.

Cəlalovun sözlərinə görə, “Sivas 4 Eylül Bələdiyyəspor”u tərk etməsinə peşman deyil. O, yenidən Türkiyə klublarının təklifini nəzərdən keçirdiyini bildirib: “Mən “Sivas 4 Eylül Bələdiyyəspor”da olduğum vaxtda 14 oyundan 13-də meydana çıxdım. Xüsusilə, ilk oyunum əla alınmışdı. Orada özümə görə yaxşı hörmət də qazanmışdım. Düzdür, mən gələndən sonra komandam Super Liqaya vəsiqə qazandı. Amma yenidən buraya yollanmaq şansımın olduğunu da deyə bilərəm. Bundan əlavə, Türkiyədən daha 3 təklifi nəzərdən keçirirəm. Hazırda mövsümün sonu olduğundan, yəqin ki yeni mövsümdə yenidən legioner həyatı yaşayacağam”.
0