Bolqarıstan yığması Azərbaycan çempionuna elçi düşdü
04.04.2011 - 11:39
Bolqarıstan yığması Azərbaycan çempionuna elçi düşdü
Bakının “Lokomotiv” voleybol klubunun baş məşqçisi Draqutin Baltiç Azərbaycanı tərk edə bilər. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, paytaxt təmsilçisini “Çelenc Cup” turnirinin finalına yüksəldən serbiyalı mütəxəssis Bolqarıstan yığmasına namizəddir.

Bolqar həmkarlarımız hətta onun tezliklə yığmaya gələ biləcəyini istisna etməyiblər. Bu azmış kimi, onlar “Lokomotiv”də çıxış edən bolqarıstanlı Mariya Filipovadan Baltiç barəsində məlumat alıblar.

Super Liqamızda çıxış edən 29 yaşlı voleybolçu isə Draqutinin milli komandalarına böyük fayda verəcəyini bildirib: “Serbiyalı mütəxəssis əla məşqçidir və çox gözəl təcrübəyə malikdir. Uzun illər Sloveniya millisini çalışdırıb. Hesab edirəm ki, bu Bolqarıstan yığması üçün çox yaxşı seçim olar. O, “Lokomotiv”ə gələndən böyük tərəqqiyə nail olub və müsbət inkişaf da göz önündədir. Hər bir voleybolçunun dilini tapmağı bacarır və yüksək keyfiyyətlərə malikdir. Fikrimcə, yığmamızda da irəliləyişə nail ola bilər”.

Qeyd edək ki, Baltiç ötən ilin noyabrında “Lokomotiv”də Aleksandr Çervyakovu əvəzləmişdi. Bundan öncə isə 2008-2010-cu illərdə “Rabitə”yə rəhbərlik edib. Paytaxt klubu ilə Azərbaycan çempionatının qızıl medalını qazanıb və CEV kubokunda III yeri tutub.
0