Yığmamız Norveç və Çexiya ilə qarşılaşacaq
14.04.2011 - 10:38
Yığmamız Norveç və Çexiya ilə qarşılaşacaq
Voleybolçu qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə qüvvəsini yoxlayacaq. Bu barədə apasport.az saytına məlumatı milli komandanın baş məşqçisi Feliks Məmmədov verib.

Belçikada baş tutacaq yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq. Aprelin 21-23-də olacaq turnirdə Azərbaycan yığması Norveç, Çexiya millisi və “Moskva” klubu ilə qüvvəsini sınayacaq. Yarışın ilk günündə Feliks Məmmədovun yetirmələri 2 görüşə çıxacaqlar.

Belə ki, aprelin 21-də öncə Norveç (saat 12:30), ardınca Çexiya (saat 21:00) voleybolçularını sınağa çəkəcək həmyerlilərimiz ertəsi gün Rusiya klubu ilə (saat 12:30) qarşılaşacaq. Yarışın son günündə - aprelin 23-də isə yığmamız qrupda tutduğu yerə əsasən digər qrupdakı rəqibi ilə oynayacaq.

Məmmədov sözlərinə görə, Belçikada keçiriləcək 1994-1995-ci il təvəllüdlü voleybolçuların yarışında iştirak yığmamıza təcrübə baxımından böyük fayda verəcək: “Səfərə aprelin 19-da yola düşəcəyik. Əsas məqsədimiz burada uğurlu çıxışdır. Çünki Azərbaycanın ən güclü voleybolçularını səfərə aparırıq. Heyətimizdə milliləşdirilmiş legioner belə yoxdur. Komandamızın burada uğurlu iştirakın inanıram. Çünki biz gələcəyin komandasını qururuq. Onlar burada lazımı təcrübəyə də yiyələnəcəklər. Heyətimizin aparıcı voleybolçuları Ülkər Kərimova, Ayan Əliyeva, Ülkər Məmmədova və digərləri əla formadadırlar”.

Qeyd edək ki, Məmmədovun türkiyəli mütəxəssis Adnan Kistak və Alla Həsənova ilə birgə çalışdırdığı gənc voleybolçularımız Belçikadan qayıtdıqdan sonra daha 1 beynəlxalq turnirdə mübarizə aparacaqlar. Yığmamız bu dəfə Moskvaya səfər edəcək. 8 komandanın iştirakı ilə olacaq yarışa isə 1995-1996-ci il təvəllüdlü voleybolçularımız qatılacaqlar.
0