Azərbaycan çempionu Avrokuboklardan kənar qala bilər
14.04.2011 - 14:08
Azərbaycan çempionu Avrokuboklardan kənar qala bilər
“Komanda yaxşı çıxış edərək, Azərbaycan çempionu adını qazandı. Amma çox güman ki, Avrokuboklarda mübarizə aparmayacağıq”. Bunu apasport.az saytına açıqlamasında Bakının kişi voleybolçulardan ibarət “Sərhədçi” klubunun baş məşqçisi Oqtay Musayev deyib.

Az öncə başa çatan Azərbaycan çempionatının qızıl medallarını qazanan paytaxt voleybolçuları yerli yarışlarda iştirakla kifayətlənirlər. Onlar ötən il də ölkə kubokuna sahib olmalarına baxmayaraq, beynəlxalq arenada debüt etmək sevincini yaşaya bilmədilər.

Musayevin sözlərinə görə, növbəti mövsümdə də Avrokubokda çıxış rəhbərliyin qərarından asılı olacaq: “Heyətimiz hamısı azərbaycanlı voleybolçulardan qurulub. Yaxşı da oynayırlar. Amma qitəmiqyaslı yarışlara gəlincə, bu barədə qəti qərar verilməyib. Fikrimcə, bu mövsüm də beynəlxalq turnirdə iştirak etməyəcəyik. Amma mövsümün startında bunun əksi də ola bilər. Rəhbərlik qərar verərsə, biz komanda kimi buna hazır olacağıq”.

Qeyd edək ki, “Sərhədçi” qızıl medallara sahib olmaqla, Azərbaycanın ən titullu komandası “Azərneft”in çempionluq seriyasını da qırmış oldu.
0