Azərbaycan və Ermənistan yığmaları eyni qrupda
18.04.2011 - 12:40
Azərbaycan və Ermənistan yığmaları eyni qrupda
Həndbolçu kişilərdən ibarət Azərbaycan millisinin “Çelenc Cup” turnirində rəqibləri müəyyənləşib. Yığmamızın baş məşqçisi Hikmət Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, bu dəfə gənclər arasında keçiriləcək yarışda həndbolçularımız Gürcüstan, Ermənistan və Albaniyadan olan həmkarlarını sınağa çəkəcəklər.

Abdullayev bildirib ki, “Çelenc Cup”ın qrup mərhələsinə çox güman ki, Gürcüstan ev sahibliyi edəcək: “Bu hələ tam təsdiqini tapmayıb. Amma mən Gürcüstanda olarkən orada federasiya rəsmiləri ilə söhbət etdim və onların bu arzuda olduqlarını açıqladılar. Buna əsasən görüşlərin orada keçirilə biləcəyini söyləyə bilərəm”.

Qeyd edək ki, oyunlar noyabrın 3-6-da keçiriləcək. Qrupda ilk yeri tutacaq milli komanda isə digər qrup qalibi ilə çempionluq uğrunda yarışacaq.
0