Yığmamız Gürcüstandan 4 qələbə ilə qayıdır
18.04.2011 - 13:43
Yığmamız Gürcüstandan 4 qələbə ilə qayıdır
Həndbol üzrə gənc oğlanlardan ibarət Azərbaycan milli komandası Gürcüstan Super Liqasının II dövrəsində oyunlarını başa vurub. Apasport.az saytının məlumatına görə, ilk dövrədən fərqli, bu dəfə Hikmət Abdullayevin yetirmələri cəmi 1 görüşdə xal itkisi ilə üzləşiblər.

Belə ki, I matçda “Kutaisi”yə 31:26 hesabı ilə qalib gələn həndbolçularımız növbəti oyunda “Batumi”ni 39:24 hesabı ilə məğlub ediblər. Lakin III oyun günündə həmyerlilərimiz son Gürcüstan çempionu “Tbilisi”yə 2 top fərqi ilə uduzublar – 35:37.

Növbəti 2 turda isə milli komandamız Gürcüstanın gənclər yığmasını 30:21, ardınca isə “Universitet”i 35:26 hesabı ilə məğlub edib. Beləliklə, 2 dövrədən sonra Hikmət Abdullayevin yetirmələri müsabiqədən kənar iştirak etdikləri çempionatda turnir cədvəlində 2-ci yerdə mövqelərini möhkəmlədiblər. Son oyunlar isə mayın 2-6-da keçiriləcək.

Xatırladaq ki, yığmamız ilk dövrədə “Tbilisi”yə uduzduğu halda, “Batumi” ilə heç-heçə etmişdi.
0