“Azərreyl”i dayandıran tapıldı
20.04.2011 - 17:38
“Azərreyl”i dayandıran tapıldı
Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasının final mərhələsinin ilk dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Mingəçevirdə keçirilən həlledici mərhələnin III turunda əvvəlcə meydan “İqtisadçı” və “Lokomotiv” komandalarının ixtiyarına verilib.

İlk 2 görüşdə məğlubiyyət acısı yaşayan universitet komandası “uğursuzluq zolağı”ndan çıxmağı bacarıb. Onlar ilk setdə 20:25 hesabı ilə uduzsalar da, növbəti hissələrdə çətin vəziyyətdən çıxaraq, təşəbbüsü ələ alıblar. Belə ki, II hissədə 25:15 hesabı ilə qələbə qazanaraq hesabı bərabərləşdirən Jan De Brantın yetirmələri növbəti setdə tay-brekdə seviniblər – 27:25. Ardıcıl 2 setdə məğlub olan “Lokomotiv”in isə oyunun axarını dəyişmək planı baş tutmayıb. Bu dəfə də üstün oyun nümayiş etdirən “İqtisadçı” 25:23 hesabı ilə qalib gələrək, matçın yekun hesabını müəyyənləşdirib – 3:1. Onlar Super Liqada üçüncü dəfə “dəmiryolçular”ı məğlub etməklə, “Çelenc Cup”ın yarımfinalındakı qisaslarını da almış olublar, desək, yanılmarıq.

Turun mərkəzi “Azərreyl” – “Rabitə” matçında isə son Azərbaycan çempionu rəqibindən güclü olduğunu bir daha sübut edib. Onlar təsnifat mərhələsində olduğu kimi, final mərhələsində də Vüqar Əliyevin yetirmələrinə qalib gəliblər. Düzdür, Mingəçevirdə məğlubiyyət acısı yaşamayan “Azərreyl” ilk setdə 17:25, ardınca 16:25 hesabı ilə uduzduqdan sonra qarşılaşmada dönüş yaradıblar. Lakin onlar növbəti hissələrdə səhvlərini düzəldərək matçı xilas etmək istəsələr də, bu arzu olaraq qalıb. Hesab bərabərləşdikdən – 2:2 olduqdan sonra qələbəyə daha istəkli olan Çempionlar Liqasının gümüş mükafatçısı 16:14 hesabı ilə “dəmiryolçuları” məğlub edərək, “Azərreyl”in vahid liderliyinə son qoyub.

Beləliklə, I dövrədə sonra “Azərreyl” və “Rabitə” 5 xalla ilk 2 yeri tuturlar. Son pillələrdə qərarlaşan “İqtisadçı” və “Lokomotiv”in aktivində isə 4 xalı var.

Xatırladaq ki, II dövrənin oyunları Masallıda, son 3 turun qarşılaşmaları isə Bakıda keçiriləcək.

20 aprel

“İqtisadçı” – “Lokomotiv”- 3:1 (20:25, 25:15, 27:25, 25:23)
Təsnifat mərhələsindəki oyunları
“Lokomotiv” – “İqtisadçı” – 0:3 (23:25, 18:25, 23:25)
“İqtisadçı” - “Lokomotiv” – 3:0 (25:23, 25:17, 25:18)

“Azərreyl” – “Rabitə” - 2:3 (17:25, 16:25, 25:22, 25:20; 14:16)
Təsnifat mərhələsindəki oyunları
“Azərreyl” – “Rabitə” – 1:3 (25:22, 19:25, 22:25, 22:25)
“Rabitə” - “Azərreyl” – 3:0 (25:23, 25:20, 25:14)

Azərreyl

3

2

1

8-5

5

Rabitə

3

2

1

8-6

5

Lokomotiv

3

1

2

5-8

4

İqtisadçı

3

1

2

5-7

4

0